Məhkəmə qərarları › İş №3(045)-1336/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1336/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1336/2024 29.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Aşağı Cürəli İƏD Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* nömrəli, 28 noyabr 2024-cü il tarixli və İXM-in 535.1-ci maddəsi ilə isə MN seriyalı, ******* nömrəli 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli və MN № ******* saylı, xx.xx.2024-ci il tarixli protokollardan və onlara əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Goranboy şəhərində yerləşən Goranboy rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu Muğan kəndində yaşayır. O, internet xətti çəkilişləri ilə məşğul olan “Kabel Servis” adlı şirkətdə işləyir. Onun işlədiyi şirkət hazırda Goranboy rayonunun Qaradağlı kəndində internet xəttinin çəkilişləri ilə məşğul olduğundan, o da həmin kənddə işləyir. Bir neçə gün bundan əvvəl onun işlədiyi şirkətə məxsus dəyəri 4000 manat olan fiber optik kabel oğurlanmışdır. Bununla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırma ilə bağlı izahatının alınması üçün o da Goranboy RPŞ-yə dəvət olunmuşdur. O, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy RPŞ-yə gəlmiş, həmin vaxt onun mobil telefonuna zəng gəlmiş, o da əsəbi olduğu üçün polis şöbəsinin inzibati binasının qarşısında mobil telefonla ucadan səs-küylə danışmış, ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra onu nizam-intizama dəvət etmişlər. O, bərk əsəbiləşdiyi üçün polis əməkdaşına əhəmiyyət verməmiş, nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra polis əməkdaşı onu Goranboy RPŞ-yə dəvət etmişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Odur ki, barəsində olan inzibati material üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Goranboy şəhərində yerləşən Goranboy rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Goranboy RPŞ-nin mühafizə postunda xidmətdə olarkən adı sonradan ona məlum olan Şəxs ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, Şəxs öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra o, Şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülməsi üçün onu Goranboy RPŞ-nin NH-nə gətirib təhvil vermişdir. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 tərəfindən Goranboy RPŞ-nin rəisinə ünvanlanmış 28 noyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:10 radələrində Goranboy RPŞ-nin mühafizə postunda xidmətdə olarkən adı sonradan onlara məlum olan Ağayev X3 RPŞnin inzibati binasının qarşısında ucadan səs-küy salaraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, o, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də Şəxs öz qanunsuz və qərəzli hərəkətlərini davam etdirərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs barəsində qanuna uyğun qaydada tədbir görülməsi üçün onu gətirib Goranboy RPŞ-nin NH-yə təhvil vermişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:10 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında ictimai yerdə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:10 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında ictimai yerdə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və ona yaxınlaşaraq onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 870 saylı 28 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 14:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, şahidi dinləyib, inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibatı xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında olan inzibati xətaya dair material onun qəsdən inzibati xətaları törətməsi, yəni Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədədir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - 50 (əlli) manatdan 100 (bir yüz) manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 (on beş) günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər 200 (iki yüz) manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidin ifadələrini dinləyib, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2024cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmaması, yəni Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməlləri qəsdən törətməsi öz təsdiqini tapmışdır, buna görə də, o, İXM-nin həmin maddələri ilə inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə, inzibati xəta törədən şəxsə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (İXM-in 31.2-ci maddəsi). Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran (İXM-in 33-cü maddəsi) halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, belə hesab edir ki, törədilmiş inzibati xətalardan daha ciddi xəta İXM-nin 535.1-ci maddəsi olduğundan, Şəxs həmin maddə ilə tənbeh olunmalıdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, törətmiş olduğu əməlin mahiyyətini nəzərə alaraq hesab edir ki, ona, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 ,43, 48-51, 55, 106-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 14:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar