Məhkəmə qərarları › İş №3(045)-1391/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1391/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1391/2024 09.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X7 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kəlbəcər rayonunun Seyidlər kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1-ci, 327.6-cı və 327.8-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 22 noyabr 2024-cü il tarixli qərarından və 02 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində Şəxs idarə etdiyi “VAZ 2102” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətəli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq yolun hərəkət hissəsinin sağ kənarında olan telekomnukasiya dirəyinə çırpılmış, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.1-ci, 327.6-cı və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X7 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində Şəxs idarə etdiyi “VAZ 2102” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətəli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq yolun hərəkət hissəsinin sağ kənarında olan telekomnukasiya dirəyinə çırpılmış, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.1-ci, 327.6-cı və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 327.1-ci, 327.6-cı və 327.8-ci maddələri ilə təqsirli bilib izahatında göstərdi ki, 02 noyabr 2024-cü il tarixdə atası Bayramov X2 rayonu Səfikürd kəndi ərazisində hərəkətdə olan zaman idarə etməni itirərək idarə etidiyi “VAZ 2102” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol kənarında olan komunikasiya dirəyinə çırpılmışdır. Hadisə zamanı zərbənin təsirindən Zərərçəkmiş şəxs alın nahiyyəsi avtomobilin alın şüşəsinə dəymiş və bu zaman Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə oğlu Şəxs idarə etdiyi avtomobildə sərnişin yerinə əyləşmiş və Goranboy- Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisində hərəkətdə olan zaman anidən avtomobilin toqquşmasını hiss etmiş, zərbənin təsirindən onun baş nahiyyəsi ön alın şüşəsinə dəydiyi üçün o xəsarət almışdır. Sərxoş olduğu üçün hadisənin necə baş verməsini bilməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Orxan Həziyevin rəhbərliyə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Goranboy rayonu Qaraçinar kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı və 327.8-ci maddələrinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPBnə göndərilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci, 327.6-cı və 327.8-ci maddələrinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 680 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyyəsinin.döş qəfəsinin, sol diz nahiyyəsinin qanayan yaraları, hərəkət məhdudluğu KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, Şəxs İXM-in 327.1-ci, 327.6-cı maddələrinə nəzərdə tutan inzibati xətaları törətməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-in: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204-208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci, 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1-ci, 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırkı iş üzrə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon Polis şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar