Məhkəmə qərarları › İş №3(045)-148/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-148/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-148/2023 23.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonunun Seyidlər kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin 8İ-4912 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 23 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Heydarlı X2 Rayon Notariat Ofisinin 8İ-4912 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yaranmış 4071.74 (dörd min yetmiş bir manat yetmiş dörd qəpik) manat borcunu ödəməkdən qərəzli ödəməkdən yayınmış və o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs 44 günlük vətən müharibəsi iştirakçısıdır və buna görə də 80 manat təqaüd alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun icra sənədləri üzrə 4071.74 (dörd min yetmiş bir manat yetmiş dörd qəpik) manat borcu vardır. O, 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi təqaüd alır. İcra vərəqəsini icra etməmişdir. Hal-hazırda maddi vəziyyəti çox pisdir. Müharibədə iştirakına görə bir neçə medallarla da təltif olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Notariat Ofisinin 8İ-4912 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 4071.74 (dörd min yetmiş bir manat yetmiş dörd qəpik) manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 292177/2021 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Notariat Ofisinin 8İ-4912 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası medalının İ-8865 nömrəli vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nəmrəli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanı etiraf etməsini və 44 günlük “Vətən müharibəsi” iştirakçısı olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar