Məhkəmə qərarları › İş №3(045)-1557/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1557/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1557/2025 06.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X15 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X4 İstifadəsinə və X6 Xidməti 10 saylı X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 264.0.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X4 İstifadəsinə Və X6 Xidməti 10 saylı X3 Şəxs barəsində İXMin 264.0.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisindən keçən “Qaraçay” çayının mühafizə zonasında Şəxs xx.xx.2025-ci il tarixədək su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Nəticədə Şəxs İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X4 İstifadəsinə Və X6 Xidməti 10 saylı X1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində “Qaraçay” çayının mühafizə zolağında, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində vətəndaş Şəxs qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilmiş və araşdırlması üçün 10 saylı X2 göndərilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, su obyeklətinin X8 nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan Şəxs tərəfindən “Qaraçay” çayının su mühafizə zonasında qanunsuz tikinti-quraşdırma işlərinin aparılması faktı müəyyən edilmişdir. Bununla bağlı bölmə tərəfindən sonuncuya xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, Şəxs tərəfindən özbaşına tutulan çayın mühafizə zonası əvvəlki vəziyyətinə gətirilməmişdir. Daha sonra Şəxs barəsində İXM-in 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, qeyd olunan torpaq sahəsi çıxarışa əsasən onun mülkiyyətindədir. Hazırda onun barəsində toplanmış materiallara münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin üzərində onun tərəfindən iki ədəd yüngül konstruksiyalı söhbətgahlar tikilmişdir. Hazırda tikinti-quraşdırma işlərinin aparılması dayandırılmış və lazımı icazələrinin alınması üçün müvafiq dövlət orqanına müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinə ünvanlanmış 5-45/2-462/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Goranboy rayonu Aşağı Ağcakənd qəəbəsi ərazisində “Qaraçay” çayının mühafizə zolağında, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində vətəndaş X10 tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsini pozaraq qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilmişdir; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş torpaq sahəsi Şəxs xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş torpaq sahəsi Şəxs xüsusi mülkiyyətindədir; Goranboy rayon X11 tərəfindən Suların İstifadəsinə və X6 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 50 nömrəli məktubdan görünür ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində “Qaraçay” çayının sahilində Şəxs tərəfindən qanunsuz olaraq aparılan tikinti işləri çaydan təxminən 14-15 metr aralıda aparılır. Çayın sahilində 2 ədəd 6x4 ölçüsündə taxta şalbanların üzərində çardaq tikilmişdir və 1.5x.1.5 ölçüsündə sanitar qovşağı tikilmişdir. Tikinti aparılan ərazi X5 mülkiyyətindədir; Fotoşəkillərdən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində tikinti işlərinin aparıldığı və iki ədəd yüngül konstruksiyalı söhbətgahların tikildiyi görünür. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisindən keçən “Qaraçay” çayının mühafizə zonasında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan qanunsuz tikinti işləri aparmış və Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməmişdir. Göstərilən fakt xidmətin əməkdaşları tərəfindən tərtib olunmuş aktda və fotoşəkillərlə öz əksini tapmışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. 103-cü maddəssinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının: 2-ci bəndinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir; 3-cü bəndinə əsasən su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir; 4-cü bəndinə əsasən su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir; 25-ci bəndinə əsasən su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər; 27-ci bəndinə əsasən su mühafizəzonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, həmin şəkillər Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində tikinti işlərinin aparıldığı sahədə çəkilmişdir və iki ədəd yüngül konstruksiyalı söhbətgahlar tikilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar