Məhkəmə qərarları › İş №3(045)-1560/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1560/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1560/2025 30.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X10 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Goranboy Mənzil Kommunal X1 nümayəndəsi X5 iştirakı ilə, Goranboy Mənzil Kommunal X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.4-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Goranboy Mənzil Kommunal X2 barəsində İXM-in 266.4-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, “Ekologiya.az” internet sayrında paylaşılmış videogörüntü əsasında başladılmış araşdırma zamanı Goranboy RMX-nın yaxınlığında yol kənarındakı ərazidən məişət tullantıları vaxtında daınmadığı üçün ətraf əraziyə səpilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, “Ekologiya.az” internet saytının əməkdaşı tərəfindən “Goranboy Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında, yolun kənarında məişət tullantılarının daşınmaması" ilə bağlı çəkilmiş videogörüntü X4 Xidməti tərəfindən aidiyyəti üzrə araşdırılıb tədbir görülməsi məqsədi ilə idarənin rəhbərliyinə göndərilmişdir. Videogörüntü əsasında idarə əməkdaşları tərəfindən başladılmış araşdırma zamanı sözügedən əraziyə keçirilmiş baxış zamanı həmin hissədə məişət tullantılarının yığılması üçün bir ədəd metal tutum olduğu və ətrafında da, məişət tullantılarının pərakəndə şəkildə təxminən 40 kvadrat metr əraziyə səpildiyi müşahidə edilmişdir. Goranboy RMX-nın yaxınlığında yol kənarına tökülmüş məişət tullantıları vaxtında daşınmaması səbəbindən ətrafa yayıldığı üçün Goranboy MKTİB tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Ona görə də Goranboy Mənzil Kommunal X2 barəsində İXM-nin 266.4-1 maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2113450 saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Yekunda hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Goranboy Mənzil Kommunal X1 nümayəndəsi X7 özünü İXM-nin 266.4-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy Mənzil Kommunal X2 tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, sözügedən əraziyə atılmış tullantılar MKTİB-nin xidməti ərazisinə aid deyildir. Həmin ərazi Goranboy Bələdiyyəsinin mülkiyyətinə aid Qarasüleymanlı kəndinin inzibati ərazisi daxilindədir. Buna baxmayaraq gündəlik həmin ərazidən MKTİB-nin əməkdaşları tərəfindən məişət tullantıları yığılır. Lakin, Xəstəxananın yaxınlığında yığılmış tullantılardan da açıq görünür ki, onlar məhz tibbi tullantılardır. Bununla bağlı əraziyə baxış keçirilmiş və atılmış tibbi tullantıların foto və video görüntüləri çəkilmiidir. Qeyd olunanlara müvafiq olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Mənzil Kommunal X2 tərəfindən verilmiş 73 nömrəli 07 iyul 2025-ci il tarixli məktubdan görünür ki, sosial şəbəkələrdə videogörüntüsü qeyd olunan ərazi Mərkəzi Xəstəxananın yanı, Qarasüleymanlı kənd ərazisidir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xidməti ərazisi olmamasına baxmayaraq gündəlik olaraq həmin ərazidən məişət tullantıları yığılır. Həmin ərazidən məişət tullantılarının daşınılması üçün heç bir vəsait toplanılmır; Goranboy Rayon Bələdiyyəsi tərəfindən verilmiş 61 nömrəli, 08 iyul 2025-ci il tarixli məktubdan görünür ki, sosial şəbəkədə paylaşılan videoçəkilişdə qeyd olunan ərazi, Goranboy Rayon Mərkəzi Xəstənasmın yaxınlığında yol kənarına atılmış məişət tullantıları olan hissə Goranboy Bələdiyyəsinin mülkiyyətinə aid Qarasüleymanlı kəndinin inzibati ərazisi daxilindədir və həmin məişət tullantılarının daşınması işi Goranboy şəhər MKTİB-nin xidməti ərazisinə aid olduğu üçün həmin birlik tərəfindən həyata keşirilir; Fotoşəkillərdən ərazidə tullantıların qalaqlanması görünür. Məhkəmə tərəfləri dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 266.4-1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər; 70-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində nəzarət təsərrüfat və başqa fəaliyyətlərin təsiri nəticəsində ətraf mühitin dəyişməsinin müşahidə edilməsi, onun sağlamlaşdırılması və mühafizəsi, təbii resursların bərpası və səmərəli istifadəsi, keyfiyyət normativlərinin və ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində dövlət, müəssisə (istehsalat) və ictimai nəzarət həyata keçirilir; 71-ci maddəsinin: 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər; 2, 2.6 və 2.8-ci bəndlərinə əsasən ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək, qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) hüquqlarına aiddir; 78-ci maddəsinə əsasən əraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. İXM-in 266.4-1-ci maddəsinə əsasən məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə– vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Qeyd etmək lazımdır ki, İXM-in 266.4-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmaması qaydalarının pozulmasına yönəlmiş inzibati xətadan söhbət gedir. Lakin, Goranboy Mənzil Kommunal X1 əməllərində İXM-nin 266.4-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Belə ki, işin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Goranboy Mənzil Kommunal X2 barəsində baş vermiş inzibati xəta hadisəsi barədə araşdırma aparılsa da, aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, yəni, iş materiallarına əlavə edilmiş bələdiyyə tərəfindən verilmiş məktubda və fotoşəkillərdə göstərilən tullantılarının Goranboy Rayon Bələdiyyəsinin mülkiyyətindəki ərazidə qalaqlandığı görünür və məhz həmin tullantıların daşınmamasının Goranboy Mənzil Kommunal X1 cavabdeh olmasını təsdiqləyən hər hansı bir sübut (baş verməsi ehtimal edilən hadisənin həmin ərazidə törədilməsini təsdiqləyən hər hansı bir sübut və ya sənəd) toplanmamışdır. Halbuki, məhkəmə araşdırması zamanı toplanmış, eləcə də tədqiq edilmiş mötəbər sübut və sənədlərlə mübahisəli ərazi Goranboy rayon bələdiyyəsinin mülkiyyətinədir. (əsas Goranboy Bələdiyyəsinin 08 iyul 2025-ci il tarixli, 61 nömrəli məktub.) “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İXM-in: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş orqan inzibati xəta hadisəsini törətmiş şəxsi müəyyən etməmiş, inzibati araşdırma aparmadan Goranboy Mənzil Kommunal X2 barəsində protokol tərtib etmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Goranboy Mənzil Kommunal X1 İXM-n 266.4-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy Mənzil Kommunal X2 barəsində İXM-in 266.4-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar