Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-164/2023 27.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xocalı Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsi Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, 03 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(045)-1058/2022 nömrəli qərardadı ilə Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(070)-15/2022 nömrəli qərardadı ilə Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş materiallarını nəzərdən keçirərək hesab edərəm ki, inzibati işə baxılması Goranboy Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Belə ki, Goranboy Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(045)- 1058/2022 nömrəli qərardadından göründüyü kimi Şəxs Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olması əsas götürülməklə iş baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(070)-15/2022 nömrəli qərardadından görünür ki, Şəxs Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatdadır, lakin hal-hazırda Sumqayıt şəhəri, Yeni məhəllə 7 ünvanında yaşayır. Xocalı Rayon Məhkəməsi istinad edilən inzibati xəta hadisəsinin Goranboy rayonu ərazisində baş verməsini əsas götürməklə iş materiallarını baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə aidiyyət dedikdə, hüquq haqqında mübahisənin və ya digər hüquqi işin müəyyən orqanın səlahiyyətinə aid olması başa düşülür. Mübahisələrin məhkəməyə aidiyyəti işin məhkəməyə verilməsi ilə əlaqədar olaraq xüsusi məcburi prosedurun nəzərdə tutulub-tutulmamasından asılı olaraq müəyyən qaydaları nəzərdə tutur. İXM-in: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İlk növbədə nəzərə alınmalıdır ki, Xocalı Rayon Məhkəməsi Şəxs tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin Goranboy rayonunun inzibati ərazisində törədilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından aydın olduğu kimi Şəxs İXM-in 329.3, 339.1-1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi həmin inzibati xəta hadisəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində törədilmişdir. Yəni, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yox, İXM-in 329.3, 339.1-1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi Goranboy rayonunun ərazi hüdüdlarında törədilmişdir. Qeyd olunmalıdır ki, Şəxs tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi isə Xocalı rayonu ərazisində törədilmişdir. Belə ki, iş materiallarında da aydın olduğu kimi Şəxs Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatdadır. Adı çəkilən maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır ki, bu halda inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi institutu nəzərdən keçirilməlidir. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına İXM-də müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (İXM-in 57-ci maddəsi). Göründüyü kimi inzibati xəta haqqında işlər üzrə sənəd hesab olunan inzibati tənbeh vermə haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun rəsmi qeydiyyatda alınmış ünvanına göndərilməklə çatdırılmalıdır. Bu halda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarındakı mövqe də əsas götürülməlidir. Belə ki, Plenum sözügedən Qərarda qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). Göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olduğundan və İXMin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta onun qeydiyyat ünvanında törədildiyindən İXM-in 110-cu maddəsinin tələbləri baxımından hazırki işə aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsində baxıla bilməz. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə aidiyyətinə dair mübahisələrin həlli ilə bağlı hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) normaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Nəzərə alınmalıdır ki, CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Hazırki iş Goranboy Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(045)- 1058/2022 nömrəli qərardadı ilə baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, Xocalı Rayon Məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair fikir ayrılığı yaranmasına baxmayaraq iş CPM-in 77.1-ci maddəsinin tələblərinə zidd olaraq yenidən müvafiq qərardadla baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir ki, bu isə həmin maddənin tələbləri baxımından yolverilməzdir. Beləliklə, hesab edirəm ki, aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan hazırkı iş aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 110, 118 və CPM-in 77-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xocalı Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-164/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-164/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver