Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1726/2025 15.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Goranboy rayonu Quşçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu Quşçular kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 189- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İB-nin müstəntiqi X2 30 iyul 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 189-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 2025-ci ilin iyul ayının birinci yarısında Şəxs X15 ilə xx.xx.2001-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladlarını evliliyə dair sövdələşməyə daxil olmuşlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 26 iyul 2025-ci il tarixdə Goranboy rayonu Düzqışlaq kəndində xidmətdə olarkən, kənd əhalisi ilə profilaktik söhbət zamanı X16 ilə X3 ailə həyatı qurması ilə əlaqədar sövdələşməyə girməsi barədə məlumat əldə etmişdir. Bununla bağlı raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Raport əsasında Goranboy RPŞ-nin İB-də araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs, X15, həmçinin evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs qismində X9 barəsində İXM-in 189-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 189-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Goranboy rayonu Düzqışlar kənd sakini X15 ilə təxminən altı ildir ailəvi münasibətləri var. 12 iyul 2010-cu il təvəllüdlü Səma Ələsgərova onun qızıdır. Quşçular kənd tam orta məktəbinin şagirdidir. X11 Həsənovla Səma bir-birlərini yeddi ay bundan əvvəl toyda görüb bəyənmişlər, o və Adil övladları Səma və Arifin istəklərinə razı olmuşdur. Buna görə də 12 iyul 2025-ci il tarixdə qızı Səmanın ad günündə evliliyə dair sövdələşmə etmişlər. Əməlindən çox peşmandır, odur ki, barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Yaşar Qəhrəmanlı tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 26 iyul 2025-ci il tarixli raportdan görünür ki, 26 iyul 2025-ci il tarixdə Goranboy rayonu Düzqışlaq kəndində xidmətdə olarkən, kənd əhalisi ilə profilaktik söhbət zamanı X16 ilə X3 ailə həyatı qurması ilə əlaqədar sövdələşməyə girməsi barədə məlumat əldə edilmişdir. X4 tərəfindən polis şöbəsinə gətirilmişdir. Odur ki, məlumatın yoxlanılması üçün raportun aidiyyəti üzrə götəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin İB-nin müstəntiqi X2 30 iyul 2025-ci il tarixli qərarı ilə Şəxs və X10 əməlində Azərbaycan Respublikası CPM-nin 176-1-ci maddəsinin tərkibi olmadığı üçün toplanmış material üzrə onların barəsində cinayət işinin başlanması rədd edilmiş, on altı yaşına çatmayan şəxs barəsində onun və evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri qismində Şəxs, X15, həmçinin evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs qismində X9 barəsində Azərbaycan Respublikası İXM- nin 189-1-ci maddəsi ilə inzibati işlər üzrə icraatın başlanması üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır; Fotoşəkildən iki nəfər şəxsin nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olduğu görünür. X8 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 189-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 1-2-ci hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Evliliyə dair “sövdələşmə” dedikdə nikah niyyəti ilə ailələrin, valideyinlərin və ya tərəflərin özlərinin razılığa gəlməsi, nişanlanma və ya gələcəkdə evlənmə öhdəliyin götürülməsi nəzərdə tutulur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Göründüyü kimi törədilən əməl Konstitusiya ilə mühafizə olunan ailə və nikah münasibətlərinə mühüm ziyan vurmaqla, həmin münasibətlərin cəmiyyətdə sarsılmasına, eləcə də uşaqların erkən nikaha cəlb olunması təhlükəsinin yaranmasına səbəb olur. Bu isə həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuş nikahın könüllülük, bərabərlik və tərəflərin tam şüurlu razılığı prinsiplərinin, həm də uşaqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiya öhdəliklərinin pozulması ilə nəticələnir. Beləliklə, nəzərdə tutulan əməl eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə və hüquqi sabitliyinə zərər vurur. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli 213 nömrəli qərarın 2.1.1-ci bəndində göstərilmişdir ki, erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikahdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, İXM-in 189-1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün on altı yaşına çatmayan şəxs barəsində nişanlanmaya və ya evliliyə dair sövdələşməyə daxil olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladını evliliyə dair sövdələşməyə daxil olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1726/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1726/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver