Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-176/2023 10.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Düzqışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasında idarənin iş fəaliyyətinə mane olmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 10:35-də Goranboy rayonu Düzqışlaq kənd sakini Şəxs Goranboy RPŞ-nin inzibati binasında Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Həbib Hacıyevin xidməti iş otağında izahatı alınan zaman sonuncu heç bir səbəb olmadan uca səslə həyat yoldaşı X1 və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Şəxs nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanunu tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt səsə-küyə digər otaqlarda olan polis əməkdaşları gələrək Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu nizamsız hərəkətlərini davam etdirmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə anası ilə birlikdə izahat vermək üçün Goranboy RPŞ-nin inzibati binasına gəlmiş və qapı postunda duran növbətçi polisə təhqiqatçı Həbib Hacıyevin yanına gəldiyini bildirmişdir. Bundan sonra Həbib Hacıyev xidməti otağına izahatı alınması üçün tək anasını dəvət etmiş və anası xidməti otağa daxil olmuşdur. Daha sonra anasının izahatından sonra təhqiqatçı onu dəvət etmiş və xidməti otaqda olan zaman, təhqiqatçı ona uca səslə qışqıraraq “əəə niyə şikayət edibsən” sözlərini demiş və o da polisin bu müraciət növündən əsəbləşərək əsəbi halda uca səslə anasının şikayət etdiyini deyərək sonuncuya cavab vermiş və arvadı haqda bir neçə kobud ifadələr işlətmiş, bu zaman qısa müddətli polis əməkdaşı ilə mübahisəsi yaranmışdır. Lakin o, heç kəs haqda hər hansı söyüş və ya nalayiq ifadələr işlətməmişdir. Daha sonra Həbib Hacıyevin iş otağına digər polis əməkdaşları gələrək ona qanuna və sakitliyə riayət etməsini bildirmişlər, lakin o da sakitləşərək hər hansı qanun pozuntusuna yol verməmişdir, sadəcə əsəbləşdiyi üçün polis əməkdaşları ilə qısa müddətli mübahisə etmişdir. Hazırda həmin əməlindən çox peşmandır, atası rəhmətə getdiyi üçün anası təkdir, ondan başqa anasının heçkimi yoxdur, odur ki, bu halın nəzərə alınaraq ona hümanistlik göstərilməsini və barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 bildirdi ki, o, 2015-ci il tarixdən DİO-da, 2020-ci il tarixdən isə tutduğu vəzifədə işləyir, icraatımda olan HK-1-416 nömrəli materialın icrası zərurəti ilə əlaqədar olaraq xx.xx.2023cü il tarixdə, saat 10:35-də Goranboy rayonu Düzqışlaq kənd sakini Şəxs izahatını xidməti iş otağında alan zaman sonuncu heç bir səbəb olmadan uca səslə həyat yoldaşı X1 və valideynlərinin ünvanına kobud ifadələr işlətməyə başladı. O, Şəxs nizam-intizama dəvət etsə də, sonuncu ona məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək onun tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt səs-küyə digər otaqlarda olan polis əməkdaşları TB-nin rəisi polis mayoru Ağaxan Abdullayev, təhqiqatçı polis kapitanı Elcan Qurbanlı, polis kapitanı Əli Əliyev, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Ağalarlı və xatırlamadığı bir neçə polis əməkdaşları gələrək Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu nizamsız hərəkətlərini davam etdirərək polisin qəsdən tələblərinə tabe olmamışdır. Həmçinin, o, həyat yoldaşı X3 Süleymanovanın anası Mehribanı döyməsi ilə bağlı materialın məhkəməyə göndərilməsini və Gülçin Süleymanovanın haqlı cəzasını aldığını bildirmiş, lakin Şəxs Gülçinə polislərin himayədarlıq etdiyini və ona görə yüngül maddə ilə məhkəməyə verildiyini bildirərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində tədbir görülməsi üçün polis əməkdaşları onu RPŞ-nin NH-yə təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçı X10 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən rəhbərliyə ünvanlanmış 10 mart 2023-cü il tarixli raportdan görünür ki, icraatında olan HK-1-416 nömrəli materialın icrası zərurəti ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 10:35-də Goranboy rayonu Düzqışlaq kənd sakini Şəxs xidməti iş otağında izahatını alan zaman sonuncu heç bir səbəb olmadan uca səslə həyat yoldaşı X1 və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış. O, Şəxs nizam-intizama dəvət etsə də, Orxan onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanunu tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt səsə-küyə digər otaqlarda olan polis əməkdaşları gələrək Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu nizamsız hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin NH-yə təhvil vermişlər. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsinə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 mart 2023-cü tarixdə RPŞ-nin inzaibti binasında xidməti iş otağında uca səslə arvadı haqda kobud ifadələr işlədərək ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 10 mart 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-176/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-176/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver