Məhkəmə qərarları › İş №3(045)-1809/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1809/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1809/2025 26.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Səmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 21 avqust 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən MN seriyalı ******* nömrəli, 26 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 mart 2025-ci il tarixdə günorta saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs yumruq ilə vuraraq qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Kəhrizli kəndində yaşayan Zərərçəkmiş şəxs Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Səmədabad kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Şəxs tərəfindən döyüldüyünü bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında araşdırmanın aparılması Goranboy RPŞ-nin TBnin təhqiqatçısı X8 həvalə olunmuşdur. X3 müraciəti əsasında Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X9 tərəfindən araşdırma aparılmış və 17 aprel 2025-ci il tarixdə araşdırılma zamanı X4 döyən həyat yoldaşı Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin təlbinə əsasən cinayət işi başlanmasının rədd edilməsi və haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu, lakin Zərərçəkmiş şəxs Şəxs ilə barışdığı nəzərə alınaraq Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməsi qeyd edilmişdir. Zərərçəkmiş şəxs 24 iyul 2025-ci il tarixli rayon prokurorluğuna yazmış olduğu ərizəsində Şəxsla barışmadığı və şikayətçi olduğu müəyyən edilmişdir. Ona görə də, material Goranboy rayon prokuroru tərəfindən nəzarət qaydasında yoxlanılaraq 31 iyul 2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün RPŞ-nin İB-nə göndərilmişdir. Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi Vüqar Hüseynov tərəfindən araşdırma aparılmış və Zərərçəkmiş şəxs döyülməsi faktı təsdiq edilmiş, lakin vətəndaş Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Toplanmış material üzrə Goranboy rayonu Səmədabad kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri müəyyən olunduğundan onun barəsində AR İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2025-ci il tarixdə həyətdə su sulayan zaman mobil telefonuna qeyri-rəsmi münasibətdə olduğu adını bilmədiyi qadın zəng etdikdə həyat yoldaşı Narın həmin zəngi görmüş və evdə səs-küy salmağa başlamışdır. O da, səs-küyü eşitdikdən sonra evə daxil olmuş və nə baş verdiyini soruşmuş, Narın isə ona zəng edən şəxsin kim olduğunu soruşmuş, o isə tanımadığını və görüşmədiyini bildirmişdir. Buna baxmayaraq, Narın onu təhqir etmiş, o da buna görə Narının üz nahiyəsinə iki dəfə sillə ilə vurmuşdur. Yekunda məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs eləcə sillə ilə üz nahiyəsinə vurmuş, yumruqla vurmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə yaşadığı fərdi yaşayın evində olarkən həyat yoldaşı Şəxs telefonuna zəng gəlmiş, o, həmin telefonu götürmüş və mesajlara baxdıqda Rasimin tanımadığı bir xanımla yazışmalarını görmüş, o isə nə məsələ olduğunu öyrənmək üçün Rasimi axtarmışdır. Daha sonra Rasim evə gələn zaman bu barədə ondan soruşduqda, Rasim onun üzərinə gələrək qışqırmağa başlamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rasim onun qolundan tutaraq zorla yataq otağına aparmış və bir neçə dəfə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başlamış, daha sonra Rasim onun sol və sağ üz nahiyəsinə dəfələrlə yumruqla vurduqdan sonra sağ və sol çiyin nahiyələrinə də bir neçə dəfə zərbələr endirmiş, daha sonra o, otaqdan çıxaraq qaçmışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü qismən etiraf etsə də, iş üzrə araşdırılmış digər hallarla onun təqsiei tam sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 21 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞnin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ və sol göz altı nahiyəninn sağ bazunun təpə nahiyəsinin qançırları KÜT (əşyanın) ların o cümlədən qərarın təsviri hissəsində göstərilən şərait və tarixə yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü qismən təqsirli bilməsi, yəni Zərərçəkmiş şəxs yumruqla vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 151 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs sağ və sol göz altı nahiyəninn sağ bazunun təpə nahiyəsində xəsarət aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər; - Şəxs izahatında arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və mübahisə zamanı ona bir neçə dəfə sillə ilə vurduğunu inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən İXM-in 40, 43, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 avqust 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar