Məhkəmə qərarları › İş №3(045)-185/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-185/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-185/2023 17.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin direktoru X1 iştirakı ilə, “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi “X2” MMC barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 13 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X2” MMC tərəfindən Goranboy rayonu, Vüqar Bayramov küçəsində xx.xx.2023-cü il tarixdə, saat 11:45-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən göstərişlər vaxtında və tam yerinə yetirilməmişdir. Nəticədə “X2” MMC tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin direktoru X4 izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən ona yazılı göstəriş göndərilmiş və həmin göstəriş onun tərəfindən qəbul edilmişdir. Lakin, “X2” MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmamasını hesab etdiklərindən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin də yazılı göstərişlərinə MMC tərəfindən riayət edilməmişdir. Belə ki, onlar tərəfindən yerləşdirilmiş lövhə şirkətin adını göstərir və onun ölçüsü 2 m2-dir. Belə olduğu təqdirdə hesab edir ki, “X2” MMC tərəfindən həmin lövhənin yerləşdirilməsi üçün müvafiq icazə alınmamalıdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, “X2” MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Yəni, MMC tərəfindən açıq məkanda icazəsiz reklam yerləşdirilmişdir. Bununla bağlı “X2” MMC-yə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli yazılı göstəriş göndərilmiş və həmin göstəriş MMC tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin, buna baxmayaraq “X2” MMC tərəfindən həmin yazılı göstərişə riayət olunmamışdır. Göstərilənləri nəzərə alaraq “X2” MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən “X2” MMCyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11-3-3-2/01-05/022/2023 nömrəli yazılı göstərişdən görünür ki, açıq məkanda icazəsiz reklam yayımlanmışdır. Bununla bağlı 5 (beş) gün müddətində açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı icazə alınması xahiş olunmuşdur; Poçt göndərişlərinin izlənməsindən görünür ki, yazılı göstəriş xx.xx.2023-cü il tarixdə “X2” MMC tərəfindən qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “X2” MMC tərəfindən Goranboy rayonu Vüqar Bayramov küçəsində yerləşən obyektdə açıq məkanda reklam yerləşdirilmişdir (ölçüləri: fasad 2*0,9; vitrin - 1,75*0,6 (2 ədəd); vitrin - 1,7*0,5 (2 ədəd)); Fotoşəkillərdən görünür ki, “X2” MMC tərəfindən açıq məkanda reklam yerləşdirmişdir. Hüquqi əsaslandırma: İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir; 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən “X2” MMC-yə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində yazılı göstəriş verilmiş və həmin yazılı göstəriş sözügedən MMC tərəfindən qəbul edilmişdir. Lakin, həmin yazılı göstərişlər vaxtında və tam yerinə yetirilməmiş, bununla da “X2” MMC tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin direktoru X1 izahatında göstərdiyi xüsusatlara, yəni yerləşdirilmiş reklam lövhəsinin şirkətin adını göstərməsi və onun ölçüsünün 2 m2 olmasına, həmin lövhəyə görə icazə tələb olunmamasına dair qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyrihökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Lakin, iş materiallarından göründüyü kimi “X2” MMC tərəfindən yerləşdirilən reklam lövhəsinin ölçüləri 2*0,9 olmuşdur ki, həmin lövhənin də yerləşdirilməsi üçün icazə tələb olunur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X2” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, “X2” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X2” MMC İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar