Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-185/2024 18.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserindən verilmiş rəyinə əsasən narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində “Xətai Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində “Xətai Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTBnin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Elvin Hüseynzadə və Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Elnur Vəliyev ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində xidmətdə olarkən bir nəfər şəxsin Qazax-Bakı yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində, “Xəzər Petrolun” yaxınlığında uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları ona yaxınlaşıb bu kimi əməllərə yol verməməsi barədə xəbərdarlıq etmişlər. Bu zaman şəxsiyyəti sonradan onlara məlum olan Şəxs aqressivləşərək ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları tərəfindən Şəxs nə qədər nizam-intizamlı olmağa, ictimai qaydanı pozmamağa və onların bizim qanuni tələbin tabe olmağa dəvət etsələr də sonuncu öz qərəzli hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra yəni, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Vəliyevin raportu əsasında toplanmış HK-1-536 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün onun əməli İXM- nin 206-cı maddəsi iiə tövsif olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs hərəkətlərində İXM-in 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206, 510 və 535.1 maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərinin ərazisində “Xətai Petrol” yanacaqdoldurma məntəqəsinin yanında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və izahatının alınması üçün şöbəyə dəvət etmişlər. Həmin vaxt o, heç bir müqavimət göstərmədən polis əməkdaşları birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Şöbədə olan zaman o, bir ay əvvəl kiçik bükümdə narkotik vasitə olan marixuananı yolun kənarında tapdığını, bir dəfə istifadə etdiyini, hazırda heç bir narkotik vasitənin üzərində olmadığını və həmin marixuananı çəkdikdən sonra bir daha istifadə etmədiyini bildirmişdir. Hazırda narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nın əməliyyat müvəkkili X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Elvin Hüseynzadə ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində xidmətdə olarkən bir nəfər şəxsin Qazax-Bakı yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində, “Xəzər Petrolun” yaxınlığında uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları ona yaxınlaşıb bu kimi əməllərə yol verməməsi barədə xəbərdarlıq etmişlər. Bu zaman şəxsiyyəti sonradan onlara məlum olan Şəxs aqressivləşərək ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamış və onların qanuni göstərişlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra yəni, xx.xx.2024-cü il tarixdə onun raportu əsasında toplanmış HK-1-536 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün onun əməli İXM- nin 206-cı maddəsi iiə tövsif olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 16 mart 2024-cü il tarixli, 465 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:58-də inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 10:58-də azad edilmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:50-də inzibati qaydada tutulmuşdur; Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından onun tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 15 mart 2024-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində “Xətai Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyildir. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya münasibətdə bildirir ki: İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, 15 mart 2024-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində “Xətai Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman polis əməkdaşı ilə arasında olan anlaşılmazlıq polis əməkdaşının qanuni tələbinə tabe olmamaq kimi hesab edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 və şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nın əməliyyat müvəkkili X2 şifahi və yazılı izahatlarında uyğunsuzluqlar vardır. Yaranmış uyğunsuzluğa aydınlıq gətirilməsi istənilsə də, nəticə olmamışdır. Odur ki, aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan, bu hallar Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 13 (on üç) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli və MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həbsetmənin əvvəli 17 mart 2024-cü il tarixdən saat 11:50-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-185/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-185/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver