Məhkəmə qərarları › İş №3(045)-2032/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2032/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2032/2025 08.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X10 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:10-da Goranboy rayonu, Cinli-Boluslu kəndi ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən planlı yoxlama zamanı sertifikatsiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 02 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, yoxlayıcı orqan - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti - Şəxs MMC, yoxlama müddəti -xx.xx.2025-xx.xx.2025, yoxlamanın tipi plan üzrə (növbəti); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsi tərəfindən Planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli, 3-28-1/3-2- 996/2025 nömrəli qərardan görünür ki, Goranboy rayonu, Cinli-Boluslu kəndi ünvanda yerləşən Şəxs MMC-nin fəaliyyətinin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə yoxlanılması qərara alınmışdır. Qərarın surəti MMC-nin qanuni nümayəndəsi X7 tərəfindən xx.xx.2025ci il tarixdə alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin özıl tibb müəssisələrində planlı (növbəti) yoxlamanın 18 sentyabr 2025-ci il tarixli, T-333 nömrəli aktından görünür ki, mərkəzin 02 sentyabr 2025-ci il tarixli, 3-28-1/3-2-996/2025 nömrəli qərarına əsasən fəaliyyət ünvanı Goranboy rayonu, Cinli-Boluslu kəndi olan Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılmış və müəssisədə lisenziya şərtlərinə riayət olunmamış və tibb mütəxəssislərinin sertifikasiyasız çalışması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi “vergi ödəyicisinin, nümayəndəliyinin və təsərrüfat subyektlərin (obyeklərin) olduğu yer üzrə üçota alınması haqqında arayışdan görünür ki, Şəxs MMC xx.xx.2012-ci ildə ********** nömrəli VÖEN dövlət qeydiyyatına alınmışdır; Əmək müqavilələrindən görünür ki, Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdən X4 “fizoterapevt-həkim”, xx.xx.2025-ci il tarixdən X1 və X6 “masajist” kimi işə götürülmüşlər; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 27 fevral 2016-cı il tarixli 088683 nömrəli lisenziyanın surətindən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirmək üçün “müddətsiz” icazə verilmişdir; Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, 18 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən aparılan planlı (növbəti) yoxlama zamanı ünvan 2i ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində işçilərin sertifikatsiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Faktla bağlı hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 17.3cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Göründüyü kimi qanunun müvafiq normasının dispozitiv əlamətlərinə əsasən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti göndərilməlidir. Hazırki iş materiallarından görünür ki hüquqi şəxsə məxsus tibb müəssisəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı (növbəli) yoxlamanın keçirilməsi barədə inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarın surəti hüquqi şəxsin qanuni nümayəndəsi X5 yoxlama aparılan gün, yəni xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. (əsas Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsi tərəfindən Planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli, 3- 28-1/3-2-996/2025 nömrəli qərarı) Göründüyü kimi hazırki iş üzrə qanunla müəyyən edilmiş bu müddət pozulmuş və qərar hüquqi şəxsə 5 (beş) iş günü deyil, yoxlamanın aparıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Həmçinin adıçəkilən bildirişin hüquqi şəxs tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz əksini tapmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılır; 2.1-ci maddəsinə əsasən bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır; Məhkəmə eyni zamanda qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar oplamaq yox, yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə, hazırki halda Şəxs MMC barəsində tərtib edilmiş protokolun sübutetmə yükü üzərində olan inzibati orqan tərəfindən əsaslı sübutlarla təsdiq edilməməsini nəzərə alaraq hüquqi şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar