Məhkəmə qərarları › İş №3(045)-2270/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2270/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2270/2025 06.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyanın nümayəndəsi qismində direktoru X4 iştirakı ilə, Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyanın (bundan sonra - Gimnaziya) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya barəsində İXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 17 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Gimnaziya tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbi pozulmuşdur. Nəticədə, Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Gimnaziyanın nümayəndəsi X8 hüquqi şəxsi İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Gimnaziyanın barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, sözügedən protokol X2 X7 etdiyi çox saylı şikayətlərə görə tərtib edilmişdir. Roza Məmmədova xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Gimnaziyada gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı tələb edir. Lakin, o, həmin dövrlərdə məktəbin direktoru vəzifəsində işləməmişdir. Bundan başqa Roza Məmmədova tərəfindən eyni mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılmış və mülki iş üzrə müvafiq ekspertizalar təyin edilərək, icraat dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, yazılı göstəriş xx.xx.2025-ci il tarixdə onun tərəfindən rəsmi qaydada qəbul edilmiş və bununla bağlı o, tabe olduğu rəhbərliyinə məlumat vermiş, lakin ona hər hansı cavab verilmədiyi üçün göstərişi icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib şəxsin səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Elektron Məhkəmə” informasiya sistemi tərəfindən verilmiş çıxarışdan görünür ki, Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya (VÖEN **********) vergi orqanında üçota alınmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-77672/2025 nömrəli məktubdan görünür ki, X5 xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməməsinin təmin edilməsi və nəticəsi barədə 30 gün ərzində şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur; Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, Gimnaziyanın direktoru icrası məcburi olan məktubu xx.xx.2025-ci il tarixdə almışdır. Hüquqi əsaslandırma: İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən X1 gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsinin təmin edilməsi barədə icrası məcburi olan göstəriş verilmiş və həmin göstəriş Gimnaziyanın direktoru X8 tərəfindən qəbul edilmişdir. Lakin, həmin icrası məcburi olan göstəriş vaxtında və tam yerinə yetirilməmiş, bununla da Gimnaziya tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Yəni, X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstərişi xx.xx.2025-ci il tarixdə Gimnaziya tərəfindən rəsmi qaydada alınmış və həmin göstəriş xx.xx.2025-ci il saat 23:59dək tam icra edilməli olduğu halda icra edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.2,18.2.1-18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, hüquqi şəxs Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyanın direktoru X8 tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından, Gimnaziya həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyanın əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyanın törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar