Məhkəmə qərarları › İş №3(045)-2301/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2301/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2301/2025 29.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X9 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Goranboy rayonu, Qızılhacıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Qızılhacıllı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 12:40 radələrində Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında ica səslə nalayiq ifadələr işlədərək iş ahəngini pozmuşdur. Bununla da, xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu zamanı 29 oktyabr 2025-ci il tarixində saat 12:40 radələrində Qızılhacılı qəsəbə sakini Şəxs hazırda bələdiyyənin ümumi istifadəsində olan örüş torpaq sahəsinin ona icarəyə verilməsini tələb etmişdir. Mövcud torpaq qanunvericiliyin tələbləri ona ətraflı izah edilən zaman Şəxs İcra Hakimiyyətinin inzibati binasında yüksək səs tonu ilə təhdidli ifadələr işlədərək ona verilən izahatlara məhəl qoymamış, İcra Hakimiyyətinin əməkdaşlarına fiziki təsir göstərmiş, Rayon İcra Hakimiyyətinin işgüzar fəaliyyətinə xələl gətirərək iş ahəngini pozmuşdur. Bu barədə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Buna görə də Şəxs barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonu Su və Meliorasiya idarəsində icraçı direktor vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Goranboy rayon İcra Hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmişdir. Qəbula gəlməkdə məqsədi Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəməsi olmuşdur. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Əliyev ona bu barədə izah vermiş, lakin o əsəbləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı Goranboy rayon Qızılhacılı qəsəbə sakini Şəxs da qəbula gəlmişdir. Digər vətəndaşlar kimi oda rəhbərlik tərəfindən inzibati binada qəbul olundu. Ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, Şəxs, öz qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də həmin şəxs, öz qanunsuz hərəkətlərinə davam edərək, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Hətta bununla kifayətlənməyərək onu da vurmağa çalışmışdır. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri X2 və Goranboy rayon Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7 iş üzrə digər şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov tərəfindən Goranboy RPŞ-yə ünvanlanmış 29 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu zamanı 29 oktyabr 2025-ci il tarixində saat 12:40 radələrində Qızılhacılı qəsəbə sakini Şəxs hazırda bələdiyyənin ümumi istifadəsində olan örüş torpaq sahəsinin ona icarəyə verilməsini tələb etmişdir. Mövcud torpaq qanunvericiliyin tələbləri ona ətraflı izah edilən zaman Şəxs İcra Hakimiyyətinin inzibati binasında yüksək səs tonu ilə təhdidli ifadələr işlədərək ona verilən izahatlara məhəl qoymamış, İcra Hakimiyyətinin əməkdaşlarına fiziki təsir göstərmiş, Rayon İcra Hakimiyyətinin işgüzar fəaliyyətinə xələl gətirərək iş ahəngini pozmuşdur. Bu barədə akt tərtib edilmişdir. (Əlavə olunur). Əlavə məlumat üçün bildirir ki, Şəxs hazırda Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə "Kolxoz" dövründə yaradılmış ümumi istifadəli sututardan qanunsuz olaraq istifadə etməklə yanaşı həmin ərazidə (örüş sahəsində) qanunsuz tikintilər inşa etdirmiş, kafe və çayxana kimi istifadə edir. Eyni zamanda Şəxs Qızılhacılı qəsəbəsi ərazisində qanunsuz olaraq 2 (iki) ev, həmçinin ticarət obyektləri tikdirmişdir. Şəxs Qızılhacılı qəsəbəsi ərazisində qanunsuz torpaq istifadəçiliyinin qarşısını almaq məqsədi ilə Qızılhacılı qəsəbəsinin sakinləri mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə, yerli nümayəndəliyə və Qızılhacılı bələdiyyəsinə davamlı şikayət xarakter müraciətlər edirlər. Göstərilənlərlə bağlı qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə müraciət sizə göndərilir; 29 oktyabr 2025-ci il tarixli akt”dan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:40 radələrində Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş və İcra Hakimiyyətinin iş rejimini pozmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı və araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 29 oktyabr.2025-ci tarixdə saat təxminən 12:40 radələrində Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci tarixdə Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında ictimai yerdə uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2025-ci il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar