Məhkəmə qərarları › İş №3(045)-237/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-237/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-237/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, xx.xx.1994-cü ildə doğulmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə Goranboy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Prokuroru Kamran Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarda göstərilir ki, Şəxs arvadı X7 ilə mütəmadi kobud rəftar edib onu təhqir edərək və azyaşlı qızını özü ilə aparıb övladını göstərməməklə onu hədələyərək sonuncuya qarşı məişət zəminində psixi zorakılıq, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə yol verilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsviri əsaslandırıcı və iş materiallarına əlavə edilmiş digər sənədlərindən görünür ki, Şəxs arvadı X7 ilə mütəmadi kobud rəftar edib onu təhqir edərək və azyaşlı qızını özü ilə aparıb övladını göstərməməklə onu hədələyərək sonuncuya qarşı məişət zəminində psixi zorakılıq, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə yol verilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X7 izahtında göstərmişdir ki, Şəxs mütəmadi olaraq, sonuncu dəfə xx.xx.2025-ci ildə tarixdə onu təhqir edərək döymüş, bu səbədən də o, xx.xx.2025-ci il tarixdə intihara cəhd etmişdir. İzahatı alınmış X2 və X1 Ayşən Nazim qızının izahatındakı xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə inzibati icraat başlanılması barədə ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3 cü maddəsinə əsasən məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması başa düşülür. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri başa düşülür. Beləliklə, Şəxs məişət zəminində X5 qarşı psixi zorakılığa, qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərəyol verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də vəzifəli şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar