Məhkəmə qərarları › İş №3(045)-2377/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-2377/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-2377/2025 04.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Goranboy rayonu Buzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Buzluq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsinin İBnin müstəntiqi X2 02 sentyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməli İXM-in 157-ci maddəsi ilə qiymətləndirilmiş, barəsində inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN ******* nömrəli, 04 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Goranboy rayonu Buzluq kəndində yerləşən evdə bir şillə ilə Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs RPŞ-yə ərizə ilə müraciət edərək, həmin taruxdə axşam saatlarında əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Bununla bağlı RPŞ-nin İB-də araşdırma aparılmış və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin sonuncunun əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün baxılması üçün İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Şəxs etirafı əsasında barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2025-ci il tarixdə yaşadığı Goranboy rayonu Qızılhacılı qəsəbəsinə yaşadığı evə gəlmiş, orada arvadı Aytac ilə arasında mübahisə yaranmış və o Aytaca bir şillə vurmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə yaşadığı Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşadığı evdə olan zaman əri Elçin evə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onun başını pəncərəyə vurmuşdur. Bundan sonra o xəstəxanaya müraciət etmiş və müayinə olunmuşdur. Həmçinin məhkəmə-tibbi ekspertdən keçməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, 04 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Goranboy rayonu Buzluq kəndində yerləşən evdə bir şillə ilə Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən zərərçəkmiş şəxsə hansı dərəcədə bədən xəsarətinin yetirilməsi qeyd edilməmişdir. Bundan başqa iş materiallarında zərərçəkmiş şəxsdə hansı dərəcədə xəsarətin olması ilə bağlı digər sübut yoxdur. Məhkəmə qeyd edir ki, İXM-in 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. HK-1-1920 nömrəli materialdan göründüyü kimi, Zərərçəkmiş şəxs bədən xəsarətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərar qəbul olunmamışdır. Bunun nəticəsi əldə olunmadan Şəxs hərəkətlərində cinayət məsuliyyətinin olmaması ilə bağlı nəticəyə gəlinmişdir ki, bu isə öz növbəsində yolverilməzdir. Belə ki, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Araşdırma orqanı Zərərçəkmiş şəxs izahatını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafını əsas gətirsə də, məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 444.2-ci maddəsinə əsasən cinayət təqibi orqanının tələbləri yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında, həmçinin şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması prosessual məcburiyyət tədbirləri tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, araşdırma orqanı ehtimallara əsasən zərərçəkmiş şəxsin xəsarətinə hüquqi qiymət vermişdir. Bu isə öz növbəsində Şəxs əməlinin İXM-in 157-ci maddəsinin tərkibini yaratmasını şübhə altında qoyur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənləri rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar