Məhkəmə qərarları › İş №3(045)-239/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-239/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-239/2024 25.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.2.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN seriyalı, ******* nömrəli, 13 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs yaşadığı həyətyanı yaşayış sahəsində mətbəxdə əmələ gələn çirkab suları boru vasitəsilə küçədən keçən su arxına axıtmışdır. Bununla da Şəxs barəsində İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, Goranboy rayonunun Dəyirmanlar kənd sakini X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətti”nə müraciət daxil olmuşdur. Məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X1 izahatı alınmış və sonuncu izahatında göstərmişdir ki, Goranboy rayonunun Dəyirmanlar kəndində həmin kəndin sakini Şəxs tərəfindən su arxına çirkab su axıdılmışdır. Məsələ ilə bağlı Şəxs evinin qarşısına sonuncunun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs məxsus həyətyanı sahəsindən su arxına borunun uzadılması müəyyən edilmişdir. Bununla bağlı Şəxs izahatı da alınmışdır. Şəxs izahatında mətbəxdə qab-qacaqları yuduqdan sonra formalaşan suyu boru vasitəsilə arxa axıtdığını bildirmişdir. Məsələ ilə bağlı müvafiq akt da tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vaxtında bildirilmiş, lakin, o, məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Goranboy rayonunun Dəyirmanlar kəndində həmin kəndin sakini Şəxs tərəfindən su arxına çirkab su axıdılmışdır; Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, mətbəxdə qab-qacaqları yuduqdan sonra formalaşan suyu boru vasitəsilə arxa axıtdığını bildirmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 mart 2024-cü il tarixli, 84121 nömrəli aktından görünür ki, X1 müraciəti 07 mart 2024-cü il tarixdə şikayətçi Abbas Xəlilov və şikayət olunan Şəxs iştirakı ilə yerində araşdırılmışdır və ünvana baxış keçirilmişdir. Baxış zamanı Şəxs yaşadığı həyətyanı yaşayış sahəsində formalaşn çirkab suları boru vasitəsilə evinin qarşısından keçən su arxına axıdıldığı müşahidə edilmişdir. Hüquqi əsaslandırma: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, yəni o, istehlakçı olaraq istifadə edərək çirkləndirdiyi tullantı suyunu Goranboy rayonunun Dəyirmanlar kəndində su arxına axıtmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar