Məhkəmə qərarları › İş №3(045)-240/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-240/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-240/2024 28.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Kəlbəcər rayonunun Laçın kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 mart 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Hidayyət Cəfərovun 26 mart 2024-cü il tarixli qərarı və rədd materialına əsasən tərtib edilmiş 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində, Dəliməmmədli şəhərində, X2 məxsus ümumi dəyəri təxminən 490 manat olan 1 ədəd 20 manat dəyərində dəmir materialdan hazırlanmış qabaq stolu, 1 ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış manqal, 3 ədəd 130 manat dəyərində istilik sobasının dəmirlərini, 20 manat dəyərində soyuducunun hava soranını, 1 ədəd 35 manat dəyərində qaz balonunu, bir ədəd 55 manat dəyərində stolüstü qaz sobasını, bir ədəd 50 manat dəyərində soyuducunun içərisində olan lazımı mexanizimləri və bir neçə sayda dəyəri 80 manat olan qab-qacaq əşyalarını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 79 ünvanında yaşayan X1 Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə verdiyi məlumat və X1 şikayət ərizəsi təhqiqatçı Hidayət Cəfərovun icraatına daxil olmuşdur. Material üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində, Dəliməmmədli şəhərində, X2 məxsus ümumi dəyəri təxminən 490 manat olan 1 ədəd 20 manat dəyərində dəmir materialdan hazırlanmış qabaq stolu, 1 ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış manqal, 3 ədəd 130 manat dəyərində istilik sobasının dəmirlərini, 20 manat dəyərində soyuducunun hava soranını, 1 ədəd 35 manat dəyərində qaz balonunu, bir ədəd 55 manat dəyərində stolüstü qaz sobasını, bir ədəd 50 manat dəyərində soyuducunun içərisində olan lazımı mexanizimləri və bir neçə sayda dəyəri 80 manat olan qab-qacaq əşyalarını oğurlamışdır. Araşdırmanın nəticəsi olaraq 26 mart 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərar əsasında tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxs X1 Goranboy rayon Dəliməmmədli şəhərində kafesi vardır. O, zərərçəkmiş şəxs Xanlar Ağazadəni xx.xx.2024-cü il tarixdə avtomobil ustası kimi fəaliyyət göstərən Xəzər adlı tanışı vasitəsilə tanımışdır. Sonuncu ilə tanış olduğu gün Goranboy rayonu Dəliməmmədli şəhərində Xanlar Ağazadəylə görüşmüş və günü 4 manat pula sonuncudan kafeni icarəyə götürmüşdür. O, tanışar Röyal ilə Röyalın yaşadığı evdə birlikdə yemək yeyib spirtli içki olan araq içmişlər. Daha sonra o, Röyal və Röyalın azyaşlı olan bacısı oğlu ilə birlikdə Gəncə şəhərində yerləşən “Bazarstore” adlanan mağazaya getmişlər və oradan müəyyən ərzaqlar və yenə spirtli içki olan araq almışlar, daha sonra isə onun icarəyə götürdüyü, Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən kafeyə gəlmişlər. xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində o, Röyala orada olan və özünə məxsus olmayan dəmirləri aparıb satmağını demiş, Röyal da onunla razılaşmış və birlikdə həyətdə olan bir ədəd dəmir materialdan hazırlanmış manqalı, kafenin içərisində olan 3 ədəd istilik sobasına məxsus olan dəmirləri, daha sonra kafenin həyətində manqalın yanında dəmir materialdan hazırlanmış bir ədəd qabaq stolu, kafenin içərisində olan bir ədəd soyuducunun havasoran mexanizmini və matorunu götürüb Röyala məxsus motosikiletin yük yerinə qoymuşlar və oradan çıxaraq yaşadığı Gəncə şəhərinə aparıb satmışdır. Hazırda maddi vəziyyəti zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyə imkan vermir. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Onun Goranboy rayon Dəliməmmədli şəhərində kiçik yeməkxanası vardır. Həmin yeməkxana təxminən bir ildir ki, istifadə olunmamışdır. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər sakini Şəxs yeməkxananı icarəyə vermək üçün razılanmışdır. O, Firdovsiyə “yeməkxana uzun müddətdir ki, işləmir, təmizləyin işlədin, sonra razılaşarıq pulumu verərsiniz” demiş, Firdovsi də razılaşmışdır. O, yeməkxanın açarlarını Firdovsiyə verib getmişdir. xx.xx.2024-cü il tarixdə yeməkxanaya nəzarət etmək üçün gedən zaman Firdovsi və tanımadığı bir neçə şəxsin yeyib içdiyini görmüş, buna görə yeməkxanaya daxil olmamış və evinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yeməkxanaya gedən zaman qapının bağlı olduğunu və əşyalarının isə yerində olduğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o yeməkxanaya nəzarət etmək üçün gedən zaman yeməkxananın çöl qapısının açıq olduğunu görmüş, daha sonra içəri daxil olan zaman isə kabab manqalının çölə olmadığını və külün yerə tökülməsini görmüş, buna görə içəri daxil olmuş və mətbəxə tərəf getdikdə mətbəxin qapısının açıq olduğunu görmüş, o mətbəxə daxil olmuş və mətbəxdə bir ədəd 20 manatlıq dəmir materialdan hazırlanmış qabaq stolun, bir ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış manqalın, 3 ədəd 130 manat dəyərində istilik sobasının dəmirlərinin, bir ədəd 20 manat dəyərində dəmir materialdan hazırlanmış soyuducunun havasoran mexanizminin, bir ədəd 35 manat dəyərində qaz balonunun, bir ədəd 55 manat dəyərində stolüstü qaz sobasının, bir ədəd 50 manat dəyərində soyuducunun içərisində olan lazımı mexanizmlərin və bir neçə sayda dəyəri 80 manat təşkil edən qabqacaq əşyalarının olmadığını görmüş və bununla bağlı yeməkxananı icarəyə vermiş Firdovsi adlı şəxsin mobil nömrəsinə zəng etmiş və yeməkxanadan əşyalarının oğurlanmasını və yeməkxanaya gəlməsini bildirmiş, daha sonra isə polisə şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Hazırda Şəxs qarşı şikayətçidir? Onun barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, dəmir alıb satmaqla ailəsini dolandırır. X3 tanımır, münasibəti olmamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şəxs tanıyır, münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət isə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Gəncə şəhərində yaşadığı evdə Firdovsi ilə birlikdə yeyib içmiş, daha sonra Firdovsi ilə işə gedən zaman Firdovsi ona Goranboy rayon Dəliməmmədli şəhərində kafe götürdüyünü, oranı təmizlədiyini və orada isə müəyyən miqdarda dəmir olduğunu və almağını demiş, o daə yaxşı demiş, həmin gün axşam təxminən 20 radələrində idarə etdiyi muravey markalı, lakin dövlət qeydiyyat nişanı olmayan motosikiletlə Firdovsi, o və azyaşlı olan bacısı oğlu X8 ilə birlikdə əvvəlcə Gəncə şəhərinin çıxışında yerləşən “Bazarstore” adlanan mağazaya daxil olmuş və oradan 18 manat 61 qəpik dəyərində bir ədəd qırmızı bizon, bir ədəd 2 lirtlik coca-cola, yarım litrlik mayak arağı və 2 ədəd də siyəzən toyuqları almış və birlikdə Goranboy rayon Dəliməmmədli şəhərində Firdovsinin icarəyə götürdüyü kafeyə gəlmişlər. Orada olan zaman həyətdə olan manqalda kabab çəkmişlər və Firdovsi ilə birlikdə yeyib içmişlər. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Firdovsi ona “manqalın onun özünə aid olduğunu, yerdə qalan digər dəmirləri isə aparıb satmağımı və qanac əldə etməyimi” demiş, o da kafenin həyətində olan bir ədəd dəmir materialdan hazırlanmış manqalı, həyətdə olan 3 ədəd istilik sobasına məxsus olan dəmirləri, daha sonra həyətdə olan dəmir materialdan hazırlanmış bir ədəd qabaq stolu, bir ədəd soyuducunun havasoran mexanizmini götürüb motosikiletin yük yerinə qoymuş, daha sonra Firdovsi ona şəffaf rəngli sellofan torbada olan bir neçə stəkan, boşqab və nəlbəki vermiş, o da həmin əşyaları motosikiletin yük yerinə qoymuş və oradan çıxaraq getmişlər. Yolda olan zaman qeyd etdiyi stəkan, nəlbəki və boşqablar qırıldığı üçün Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində yolun kənarına atmış və yaşadığı evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində manqalı yaşadığı evə qoymuş və digər dəmirləri isə Gəncə şəhərində yerləşən Musayevin qarajı deyilən yerə ümumilikdə 43 manat pula satmış və yaşadığı evə gəlmişdir. Həmin gün saat 15 radələrində Goranboy RPŞ-nin əməkdaşları gəlmiş və özülərini təqdim etdikdən sonra Goranboy rayon Dəliməmmədli şəhərində yerləşən kafedən baş vermiş hadisə ilə bağlı Goranboy RPŞ-nə dəvət edib gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Hidayyət Cəfərov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin hadisəni törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi aidiyyəti əməkdaşa həvalə edilmişdir; “İnzibati qaydada tutma haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 mart 2024-cü il, saat 22:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar