Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2482/2025 05.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30379618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30379618 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci ci maddəsi ilə nəzərdə tutulmuş, inzibati xəta törədilməsinə görə barəsində elektron qərar qəbul edilmişdir. Qərarda göstərilən "KAMAZ" markalı ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun tərəfindən idarə edilir. Belə ki, M-2 Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 244-cü km/də (Ucar rayonu) yerləşən elektron tərəzidə 02 sentyabr 2025-ci il tarixdə İXM-nin 353.2-ci maddəsi ilə guya iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi hallarına yol verildiyi üçün onun barəsində 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Bildirir ki, barəsində əsassız və qanunsuz qərar tətbiq edilmişdir. Halbu ki, onun tərəfindən idarə olunan yük avtomobili ilə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşma halları ümumiyyətlə olmamışdır. Belə ki, idarə etdiyi yük avtomobiliə dair "Yük-Nəqliyyat Qaimə"sində də göstərilir ki, avtomobilin yüksüz kütləsi 9540, yükün çəkisi 16180, yüklü kütləsi isə 25720 kg təşkil edir. Bu səbəbdən də hesab edir ki, qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Tərəfindən idarə olunan yük avtomobili ilə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşma halları ümumiyyətlə olmamışdır. Sözügedən avtomobil Goranboy rayonu Ağcakənd qəsəbəsindən 25720 kg çəki ilə yola düşmüşdür. Qeyd etdiyi çəki ilə idarə etdiyi "KAMAZ" markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol xəritəsinə uyğun olaraq irəliləyərkən Ucar rayonu, Alpout kəndi ərazisində quraşdırılan yeni elektron tərəzidən keçəndə barəsində 600 manat cərimə tətbiq edilmişdir. Bu hal tərəzilərin göstəricilərinin uyğunsuzluğunu aşkara çıxarır. Cərimə tətbiq edildikdən sonra bu barədə AYNA-ya müraciət etmişdir. AYNA cavab olaraq bildirmişdir ki, elektron tərəzi müvafiq qaydada yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə” alınmışdır, tərəzidə heç bir uyğunsuzluq yoxdur. Göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətdə qeyd olunan orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı 30379618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; xx.xx.2025-ci il tarixli, MA-AV seriyalı 107480 nömrəli “yol-nəqliyyat” qaiməsindən görünür ki, yükgöndərən “Ağcakənd” yükalan AN xammal anbarında daşıyıcı Rüstəmov Kamil tərəfindən ** BM *** dövlət qeydiyyat nişanlı “KAMAZ” markalı nəqliyyat vasitəsi ilə həyata keçirilmişdir. Qaimədə göstərilən tərəzi məlumatlarına əsasən yükün çəkisi 25720 kg olmuşdur; xx.xx.2025-ci il tarixli, MA-AV seriyalı 118443 nömrəli “yol-nəqliyyat” qaiməsindən görünür ki, yükgöndərən “Ağcakənd daş karxanası” yükalan “Avanqard” Rüstəmov Kamil tərəfindən ** BM *** dövlət qeydiyyat nişanlı “KAMAZ” markalı nəqliyyat vasitəsi ilə həyata keçirilmişdir. Qaimədə göstərilən tərəzi məlumatlarına əsasən yükün çəkisi 25620 kg olmuşdur; Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30379618 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinə göndərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan "KAMAZ" markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə Ağcakənd daş karxanasından, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsinə yük daşınması məqsədilə 25620 kq çəkidə avtomobili (xammal gips) yükləmişdir. Həmin yükün 25620 kg olması ilə bağlı müəssisədə olan tərəzidə yükgöndərən və yükalan tərəfindən çəkilmiş, buna dair müvafiq qeydiyyat aparılmış və yük-nəqliyyat qaimələri verilmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, X2 xx.xx.2025-ci il tarixdə oğlunun idarə etdiyi "KAMAZ" markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili ilə M-2 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 244-cü km/də yerləşən tərəzidə üçoxlu nqəiyyat vasitəsinin çəkisi 28090 kq qeydə alındığl və çəki parametrlərini aşmaqla ümumi istifadə də olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmiş və bu barədə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. İXM-in: 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir; 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə inteqrasiya edilməlidir; 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir; 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Göründüyü kimi, İXM-in 127-1.1, 127-1.2 və 127-1.3-cü maddələrinin tələblərinə əsasən, 353.2-ci maddə ilə bağlı inzibati tənbeh vermə haqqında elektron qərar yalnız qabarit, çəki və kütlə parametrlərini ölçən xüsusi texniki vasitələrin məlumatları əsasında, həmin məlumatlar elektron qərara əlavə edilməklə, nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması və qərarın, habelə ölçmə məlumatlarının kağız daşıyıcıda sürücüyə təqdim edilməsi şərti ilə qəbul edilə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edilməsi zamanı xüsusi texniki vasitələrin ölçmə məlumatlarının qərara əlavə edildiyi, nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanıldığı, habelə həmin məlumatların sürücüyə təqdim edildiyi sübuta yetirilməmişdir. Bundan əlavə, yükün müəssisə tərəzisində rəsmi olaraq 25620 kq çəkidə olması və bu halın sənədlərlə təsdiq edilməsi fonunda mövcud ziddiyyətin aradan qaldırılması üçün tam və obyektiv araşdırma aparılmamışdır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli Qərarının 3-cü bəndinə əsasən qeyd edilən 2 nömrəli cədvəldə aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalet asqı ilə təchiz olunmuş iki çüt təkərdən ibarət olan avtomobil üçün icazə verilən kütlə 26 ton müəyyən edilmişdir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş X1 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30379618 nömrəli qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ 30379618 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(045)-2482/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2482/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver