Məhkəmə qərarları › İş №3(045)-2714/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2714/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2714/2025 10.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Goranboy rayonu, Todan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Todan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə Goranboy rayonu Todan kəndində küçədə yüksək səslə nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayonu Todan kənd sakinləri Şəxs və X1 Azərbaycan Resıublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə aralarında münaqişə olması barədə şikayət etmişlər. Bununla bağlı RPŞ tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Todan kənd sakinləri Şəxs, X1, X3 və X5 bir-birilərinə qarşı ictimai yerdə, uca səslə nalayiq ifadələr işlədərək xırda quliqanlıq etmişlər. Ona görə də Şəxs barəsində 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Goranboy şəhərindən internet xəttinin çəkilməsi məqsədilə aidiyyəti şəxslər ailəsinin yaşadığı evə gəlmişlər. Həmin vaxt oğlu Xəzər evdə tək olmuş o isə əri ilə birlikdə evdə olmamışdır. İnterneti çəkən şəxslər internet xəttini evin həyətində onun tərəfindən əvvəllər basdırılmış dirəkdən keçirməyi planlaşdırdıqları zaman qonşusu Mahirə İsmayılova müdaxilə edərək, sözügedən dirəyin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdirdiyini iddia etmiş, internet xəttinin həmin dirəkdən çəkilməsinə icazə verməmiş və internet çəkən şəxslərdən ərazini tərk etmələrini tələb etmişdir. Təxminən saat 15 radələrində oğlu Xəzər əri Mahirə zəng edərək Mahirə İsmayılovanın internet çəkən şəxslərə mane olduğunu bildirdi. O, da dərhal əri Mahir ilə birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt Mahirə dirəyin yanında dayanmışdır və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Baş verənlər zamanı o da əsəbləşərək cavabında Mahirəyə qarşı küçədə nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X7 bildirdi ki, X1 və Şəxs DİN-nin 102 xidmətinə etmiş olduqları şikayət əsasında xx.xx.2025-ci il tarixdə RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Ziyad Yunisli ilə birlikdə Goranboy rayon Todan kəndinə getmişlər, bu zaman Şəxs, X5, X4 və X1 birbirilərinə qarşı ictimai yerdə nalayiq ifadələr işlətdikləri üçün o sonunculara öz iradını bildirmişdir. Daha sonra onlar arasında baş vermiş münaqişə daha da böyümüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində iki nəfər şəxsin onun yaşadığı Goranboy rayonu Todan kəndində evinin qarşısında internet xəttinin çəkmələrini görmüşdür. Bu zaman o küçəyə çıxaraq öz etirazını bildirmiş və internet çəkilməsini dayandırmasını tələb etmişdir. Buna baxmayaraq qonşuları olan Şəxs, X5 və X4 onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı həmin şəxslər onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu zaman o da buna qarşılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:18 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş (**********, münaqişə) məlumatda göstərilmişdir ki, vətəndaş X1 ***-***-**-** nömrəli təlefonla zəng vuraraq, Goranboy rayonu Todan kəndində İbrahim adlı şəxsi ilə aralarında münaqişə olmasını bildirmişdir. Odir ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 dekabr 2025-ci il tarixdə Goranboy rayonu Todan kəndində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar