Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2724/2025 05.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X1 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin direktoru Nümayəndə2 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-15907/2025 saylı məktubu ilə tələb edilən sənədləri (2024-cü ilin nəticələrinə görə emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştitak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin direktoru Nümayəndə2 İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək izahatında göstərdi ki, Mərkəzi Bankın məhkəməyə təqdim etdiyi sənədlərə əsasən məlum olur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi, Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli məktubu ilə tələb olunan sənədlər olmuşdur. Qeyd edir ki, "xxxx" ASC sahibkarlıq subyektinə aid deyil. Bununla bağlı Dövlət Vergi Xidmətinə tərəfindən sorğu verilmiş və sorğudan görünür ki, direktoru olduğu ASC mikro sahibkardır. Göstərilənləri iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, "xxxx" ASC mikro sahibkar olduğu üçün 2024-cü ilin nəticələrinə görə emitentin illik hesabatı təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 17 oktyabr 2025-ci il tarixli, 6-1-26/2-15907/2025 nömrəli məktubdan görünür ki, 2024-cü ilə dair emitentin illik hesabatını 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, 17 oktyabr 2025-ci il tarixli, 6-1-26/2-15907/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə “Kəmalə” adlı şəxs tərəfindən götürülmüşdür; Azərbaycan Respublikasının rəsmi dövlət platforması tərəfindən verilmiş məlumatdan görünür ki, "xxxx" ASC mikro sahibkardır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin direktorunun izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq İXM-in 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-in 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanunun: 75.1-ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır; 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir; 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir. Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdə, səhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin mikro sahibkarlıq subyekti olması yalnız auditor rəyi ilə bağlı istisna yarada bilər, lakin illik emitent hesabatının hazırlanması və Mərkəzi Banka təqdim edilməsi öhdəliyini aradan qaldırmır. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-dən tələb olunan sənədlər təqdim olunmamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(045)-2724/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2724/2025
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver