Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2737/2025 26.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, xx.xx.1983-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixli, EQ 28345604 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28345604 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və görünür ki, Şəxs “VAZ 21033” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, EP2711336 nömrəli fotoşəkildən “CHEVROLET” minik markalı, **- BQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətdə olduğu görünür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş üzrə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28345604 nömrəli elektron qərarla Şəxs istifadəsinə olan “VAZ 21033” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi isə çəkilmiş fotoşəkildə “CHEVROLET” minik markalı, **-BQ- *** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi əks olunmuşdur. Göründüyü kimi Goranboy RPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas “VAZ 21033” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə inzibati xəta törədilməsi olmuşdur. İXM-in 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi qanunvericiliyin mənasından aydın olur ki, İXM-nin 339.1-ci maddə ilə inzibati məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin idarə edilməsi zəruridir. Hazırki iş üzrə isə xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28345604 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkildən görünür ki, “CHEVROLET” minik markalı, **- BQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən törədilmiş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texnikada aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 53, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-2737/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2737/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver