Məhkəmə qərarları › İş №3(045)-315/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-315/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-315/2024 08.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin baş inspektoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Goranboy rayonunun Xəsədərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 aprel 2024-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsinin DYPB-dən Şəxs barəsində tərtib olunmuş 06 aprel 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 03 aprel 2024-cü il tarixdə saat 21:54-də “QAZ 31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da, onun barəsində İXM-in 333.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 06 aprel 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin DYPB-nin YNX-nin baş inspektoru X3 izahatında göstərdi ki, sürücü Şəxs 03 aprel 2024cü il tarixdə saat 21:54-də “QAZ 31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməklə yanaşı yol ayrıcında dayanmış Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək sonuncuya maddi ziyan vurmuşdur. Şəxs tərəfindən saxlanılmış, xüsusi texniki vasitənin köməyi ilə onun sərxoşluq vəziyyəti yoxlanılmış və bu barədə müvafiq protokol, həmçinin törətdiyi inzibati xətaya görə sürücü barəsində İXM-in 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 03 aprel 2024-cü il tarixdə spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra isə gecə saatlarında özünə məxsus olan “Dostluq” çay evindən çıxmış və yaşadığı fərdi yaşayış evinə getmək məqsədilə “QAZ 31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, Goranboy şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zamanı idarəetməni itirmiş və yol kənarında dayanmış, sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra isə yol polis əməkdaşı razılığı ilə alkotester vasitəsilə onun sərxoşluğunu müəyyən etmiş və onun sərxoş olduğu aşkar olunmuşdur. Törətdiyi əməldən peşmandır, məhkəmədən yaşının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 03 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində özünə məxsus “Hyundai Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən idman zalına getmiş və həmin avtomobili idman zalının qarşısında yol kənarında saxlamışdır. İdman zalında olarkən yüksək səs eşitmiş və idman zalının həyətinə çıxarkən sonradan tanıdığı Şəxs idarə etdiyi “QAZ 31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobilin arxa hissəsindən vurduğunu görmüşdür. Daha sonra isə Şəxs sərxoş olduğunu bilmişdir. Hazırda ona dəymiş ziyan ödənməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 03250 nömrəli alkotestr qəbzindən görünür ki, Şəxs Şamalı oğlunun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Alkotestr qəbzində Şəxs spirtli içki qəbul etməsini, alkotester nəticəsi ilə razı olduğunu qeyd etmişdir. Şəxs alkoqolun miqdarı 1,614 promil olmuşdur; BC seriyalı 290951 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; xx.xx.2022-ci il tarixli, BD312890 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir; xx.xx.2005-ci il tarixli, AA 668120 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ-31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir; xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətində olan “QAZ-31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi xx.xx.2033-cü il tarixədək Şəxs Şamalı oğluna etibar etmişdir; 08 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3650 (üç min altı yüz əlli) manat ziyan dəymişdir (1650 manat dəyərində ehtiyyat hissə, ehtiyat hissələrin avtomobilin üzərinə quraşdırılması üçün isə usta pulu 2000 manat). Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 aprel 2024-cü il tarixdə saat 21:54-də “QAZ 31105-120” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməklə yanaşı yol ayrıcında dayanmış Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyan vurması, bununla da İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, yaşını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2-ci maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, o, İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar