Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-316/2024 19.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 09 aprel 2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində Mingəçevir şəhər DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs 22 fevral 2024-cü il tarixdə saat 12:20-də “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və müəyyən olunmuşdur ki, o, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Materiallardan aydın olur ki, Şəxs nəqliyyat vasitəsini BC114124 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Bununla da, Şəxs İXM-in 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 22 fevral 2024-cü il tarixdə saat 12:20-də Mingəçevir şəhəri, Gəncə şossesi ilə ona məxsus “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Mingəçevir şəhər DYPB-nin YPX-nin inspektoru Ülvi Paşabəyli tərəfindən ona saxla işarəsi verilmişdir. DYP əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün barəsində protokol tərtib olunacağını bildirmişdir. Daha sonra sərxoş vəziyyətdə olub-olmamağını yoxlamaq üçün xüsusi texniki vasitəni ona tərəf uzadaraq nəfəsindən nümunə götürülmüş və aparatda heç nə yazılmamasına baxmayaraq, ona içkili olması bildirilmişdir. Belə olan halda, o, protokolla razılaşmamış və şikayət verəcəyini bildirmişdir. Göstərilən inzibati xəta haqqında protokol əsassız şəkildə tərtib edilmişdir, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Barəsində tərtib edilmiş protokola etirazını bildirsə də, polis əməkdaşı onun etirazına əhəmiyyət verməmişdir. Eyni zamanda bildirdi ki, onun daimi iş yeri yoxdur və maddənin sanksiyasında göstərilən cərimə məbləğini ödəmək iqtidarında deyildir. Ona görə də, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədə 0,57% promil alkoqolun konsentrasiyası olduğunu görmüş və buna etiraz etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir; “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2024cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhər DYPB-nin YPX-nin inspektoru tərəfindən “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş və həmin gün saxlanma səbəbi aradan qaldırıldığından duracaqdan buraxılmışdır; 22 fevral 2024-cü il tarixli, 293 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da yüngül dərəcəli (0,57 % promil) sərxoş olduğu müəyyən edilmişdir. Həmçinin aktın qeyd hissəsində aktla tanış olduğunu, cizaha özü üfürdüynü, 0,57% promil göstərdiyinin şahidi olmasını və etirazı olmadığını bildirmiş və imzalamışdır. İXM-in: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, 22 fevral 2024-cü il tarixdə “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğundan onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilmiş, Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmayaraq tibbi müayinəyə aparılmış və aktın qeyd hissəsinə yazaraq sərxoş olduğunu təsdiqləmiş, bundan sonra onun nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol tərtib olunmuş, həmin protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən sürücü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. "Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs "Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktın nəticəsi, həmin aktda etirafedici qeydi ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs təqsirləndirildiyi İXM-in 333.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in: 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs yol hərəkəti əleyhinə olan sözügedən inzibati xətanı sərxoş vəziyyətdə törətmişdir. Onun törətdiyi məlum qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. İXM-in 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ona yalnız nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması ilə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Belə ki, qeyd edildiyi kimi məsuliyyətini yüngülləşdirən hal yoxdur, törətdiyi inzibati xətanın əlaməti sərxoş olmasıdır. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Mingəçevir şəhər X2 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-316/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-316/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver