Məhkəmə qərarları › İş №3(045)-317/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-317/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-317/2025 24.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Nizami kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixli, EQ 22963659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, o, “Mercedes-Benz E220” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə icarəyə götürmüş və etibarnamə əsasında idarə etmişdir. Daha sonra sözügedən avtomobili sahibinə geri qaytararaq xx.xx.2024-cü il tarixdə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və xx.xx.2024-cü il tarixdə də ölkəyə geri qayıtmışdır. Bu faktı ona məxsus passportda sərhədkeçməyə dair aparılmış qeydlər təsdiq edir. Odur ki, onun barəsində xx.xx.2024-cü il tarixdə EQ 22963659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib olunarkən o, həmin vaxt ölkə hüdudlarından kənarda olduğu üçün həmin qərarı və onun icra edilməmisinə görə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ seriyalı, 22963659 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:26-da idarə etdiyi “Mercedes- Benz E220” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 225-ci km/də, Bakı istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 24 km/aat həddində aşdığına görə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir; İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; “Elektron Məhkəmə” sistemindən sorğu əsasında əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ölkədən çıxmış və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmişdir; Şəxs məxsus passportun sərhədkeçməyə dair məlumatları əks etdirən səhifəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına təyyarə vasitəsilə çıxış etmiş və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyi üçün Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 75-ci maddəsində göstərildiyi kimi inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi hazırkı halda Şəxs barəsində xx.xx.2024-cü il tarixli, EQ 22963659 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə müəyyən olunduğu kimi Şəxs inzibati xətanın törədildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə ölkə hüdudlarından kənarda olması (əsas: “Elektron Məhkəmə” sistemi vasitəsilə əldə edilmiş çıxarış və şəxsə məxsus passport məlumatları) onun hərəkətlərində İXM-in 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin mövcud olmadığı qənaətinə gəlir. Göründüyü kimi Şəxs həmin inzibati xətanın subyekti olmamışdır. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, inzibati xəta törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar