Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-323/2025 18.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Goranboy rayonu, Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 16 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 16 fevral 2025-ci il tarixdə, Goranboy rayonu Goran qəsəbəsində ictimai yerdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12:20 radələrində Goranboy rayon Goran qəsəbəsində avaraçılıq və dilənçiliyə qarşı tədbir keçirilən zaman "Bizim ev" cehizlik mağazasında qarşısında, ictimai yerdə adı sonradan məlum olan X5 mağazanın qarşısında vətəndaşların hərəkətləri üçün nəzərdə tutulmuş yolda stol qoyaraq ayağını yola uzatdığından və vətəndaşların keçməsinə maneçelik yaratdığından xidmətdə olan polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edərək stolu yoldan götürməsinə və maneçilik törətməməsini bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq "sən kimsən, yaxşı edib otururam, durmuram" deyərək üstünə yerimiş və nümayişkəranə danışaraq ətrafda olan şəxsləri oraya toplamışdır. Həmin vaxt Samir Qəhrəmanovun tanışı Şəxs gəlmiş və uca səslə səs-küy salmağa başlamışdır. Bu zaman yaxınlıqda xidmət aparan Goranboy RPŞ-nin DYP-nin əməkdaşları YPX-nın inspektoru polis baş serjantı Süleyman Piriyev və YPX-nın inspektoru polis baş serjantı Rauf Şəmsəddinovu köməyə çağırmışlar və Şəxs nizamlı olmağa dəvət etmişlər. Bundan sonra Şəxs izahatının alınması üçün RPŞ-yə dəvət edilmişdir. Bununla da, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 16 fevral 2025-ci il tarixdə saat 12 radələrində “Bizim ev” cehizlik mağazasının qarşısında tanışı X5 ilə səkidə oturan zaman bir nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və onlara insanların gediş-gəlişinə mane olduğunu, səkini boşaltamalarını bildirmişdir. Həmin vaxt o polis əməkdaşının ona tutduğu irada əsəbləşərək uca səslə səs-küy salmağa və ünvansız söyüşlər söyməyə başlamışdır. Daha sonra iki nəfər polis əməkdaşı da onların mübahisə etdiyi yerə yaxınlaşaraq onu nizamlı olmağa dəvət etmiş və izahatının alınması üçün şöbəyə dəvət etmişlər. Eyni zamanda bildirir ki, o əsəbi olduğu üçün bu hərəkətləri etmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:22 radələrində xidmət yoldaşı Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 rayon Goran qəsəbəsində xidmətdə olan zaman RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Rüfət Quliyev yaxınlığında olan, əsəbi halda uca səslə ünvanlıünvansız söyüşlər söyən, adını sonradan bildiyi Şəxs sakitləşdirmək məqsədilə onları yanına çağırmışdır. X15 ilə birlikdə həmin şəxsi nizam-intizama dəvət edib etdiyi əməlin qanunazidd olduğunu izah edib sakitləşməsini tələb etmişlər və izahatının alınması üçün Şəxs şöbəyə dəvət etmişlər. Bundan sonra Şəxs onların xidməti avtomobilinə əyləşərək şöbəyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Rüfət Quliyev, Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Süleyman Piriyev və Rauf Şəmsəddinov tərəfindən RPŞnin rəhbərliyinə ünvanlanmış 16 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12:20 radələrində Goranboy rayon Goran qəsəbəsində avaraçılıq və dilənçiliyə qarşı tədbir keçirilən zaman "Bizim ev" cehizlik mağazasında qarşısında, ictimai yerdə adı sonradan məlum olan X5 mağazanın qarşısında vətəndaşların hərəkətləri üçün nəzərdə tutulmuş yolda stol qoyaraq ayağını yola uzatdığından və vətəndaşların keçməsinə maneçelik yaratdığından ona özünü təqdim edərək stolu yoldan götürməsinə və maneçilik törətməməsini bildirmişdir. Lakin sonuncu onun qanuni tələbinə tabe olmayaraq "sən kimsən, yaxşı edib otururam, durmuram" deyərək üstümə yeridi və nümayişkəranə danışaraq ətrafda olan şəxsləri oraya toplamışdır. O, Samir Qəhrəmanovu sakitləşdirməyə çalışsa da sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bu zaman yaxınlıqda xidmət aparan Goranboy RPŞ-nin DYP-nin əməkdaşları YPX-nın inspektoru polis baş serjantı Süleyman Piriyev və YPX-nın inspektoru polis baş serjantı Rauf Şəmsəddinovu çağırmış həmin şəxsi avtomobilə əyləşdirərkən, adı onlara sonradan məlum olan Şəxs adlı şəxs "dövlət yol polis xidmətinin əməkdaşları kimdirki adam aparır" deyib polisin qanuni fəaliyyətinə müdaxilə etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, YPX əməkdaşları ilə birlikdə Şəxs polis şöbəsinə gətirilmişdir. Odur ki, X5 və X8 barəsində tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 12:54-də inzibati qaydada tutulmuşdur və 17 fevral 2025-ci il tarixdə 17:43-də azad edilmişdir; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 fevral 2025-ci il tarixdə saat 12 radələrində Goranboy rayonu Goran qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və İXM-in 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-323/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-323/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver