Məhkəmə qərarları › İş №3(045)-329/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-329/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-329/2023 04.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 327.6 və 332.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 04 may 2023-cü il tarixdə Goranboy RPŞ-nin YPX-nin inspektoru X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi şəxsin İXM-in 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün 2 dispozitiv şərt olmalıdır:

1. şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməlidir;

2. bunun nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Lakin, təqdim edilmiş materiallara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmamasına dair müvafiq sənəd əlavə edilməmiş, həmçinin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması məsələsinə aydınlıq gətirilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində həmçinin İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ki, bu isə öz növbəsində İXM-in 43.1-ci maddəsinin təsir dairəsinə düşmür. Yəni, həmin maddələrdə göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.1 və 327.6cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından müvafiq vəzifəli şəxslər tərəfindən baxılır. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 327.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş İXP seriyalı ******* nömrəli, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş İXP seriyalı ******* nömrəli, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar