Məhkəmə qərarları › İş №3(045)-336/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-336/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-336/2023 25.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonunun Keşdək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonunun Yellicə Ə/D, Həsənlər kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Veyisli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 may 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 03 may 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Goranboy rayonunun, Goran qəsəbəsində X1 qanunsuz əldə etdiyi 39925 nömrəli, TOZ markalı ov silahının daçınması və saxlanması qaydasını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Vahid Əhmədovun xx.xx.2023-cü il tarixli raportu əsasında toplanmış HK-1- 657 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə X4, Şəxs və Şəxs barəsində İXM-İn 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayon Goran qəsəbəsində fermada olan zaman əri Urmanla mübahisə etmiş və sonuncu bir neçə gün bundan əvvəl aldığı ov tüfəngi ilə ona hücum etmiş və daha sonra həmin ov tüfəngini gizlətmişdir. O da bununla bağlı Azərbaycan Respublikası DİN-in “102” çağrı mərkəzinə əri Urmandan şikayət etmiş və dərhal hadisə yerinə Goranboy RPŞ-nin polis sahə rəisi Vahid Əhmədov gəlmişdir və silahın kimin tərəfindən və harada gizlədildiyini soruşmuşdir. Daha sonra atası Elburus və polis əməkdaşları əri Urmana məxsus qoşa lülə 16 çaplı ov silahını qoyduğu koldan çıxarıb və təhvil vermişlər. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, sözügedən silahı ərinin istifadəsində və saxlancında olmuşdur. Onun həmin silahın harada saxlanmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Əli Əliyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış 03 may 2023-cü il tarixli raportdan görünür ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Vahid Əhmədovun xx.xx.2023-cü il tarixli raportu əsasında toplanmış HK-1- 657 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə X4, Şəxs və Şəxs barəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/314 nömrəli ekpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 39925 №-li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə-mexanizmləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. DİNin Kriminalistik Tədqiqatlar İdarəsində yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 2-ci sualında qeyd olunan «Təqdim edilmiş silahdan əvvəllər hər hansı bir cinayət əməlinin törədilməsində istifadə olunmuşdurmu?» sualına cavab verilməmiş, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində «itirilmiş və oğurlanmış» silahların qeydiyyatı aparılmadığından qərarın 3-cü sualında qeyd olunan «Təqdim edilmiş silah itirilmiş və oğurlanmış silah kimi qeydiyyatda olub-olmamsı (hansı şöbə, idarə və ya prokurorluq orqanları tərəfindən itirilmiş və yaxud oğurlanmış silah kimi qeydiyyata qoyulması göstərilsin) müəyyən edilsin?» sualına cavab verilməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 590.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-in 590.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi alınmadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər olmalıdır. İnzibati xətanın anlayışı İXM-də belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi alınmadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması hərəkətlərinə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər mövcud deyildir. Belə ki, Şəxs sözügedən silahı saxlanılması və daşıması iş materialları, tərəflərin izahatları ilə sübuta yetirilmir. Əksinə Şəxs məhkəmə zamanı verdiyi ifadəsində həmin silahın polis əməkdaşları tərəfindən onun yaşadığı evin qarşısındakı kolun dibindən götürüldüyünü bildirmişdir. Silah X3 məxsus olmuş və onun barəsində də İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs əməlində İXM-in 590.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətin, yəni müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hallarının mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hərcürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar