Məhkəmə qərarları › İş №3(045)-348/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-348/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-348/2023 05.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Goranboy rayon prokurorluğunun nümayəndəsi X9 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də elektrik vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon prokurorluğundan Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 19 may 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Bağırov X8 rayonu, Dəliməmmədli şəhərində yerləşən "xxxx" MMC-də əmək funksiyasını yerinə yetirən zaman sağ ayağı pambıq təmizləyən “Cin” aparatının kəsici hissəsində qalmış və xəsarət almışdır. Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli, 210 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ ayağın 1-ci və 2-ci barmağının travmatik zədələnməsi və amputasiyası kəsici alətin(lərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 04 may 2023-cü il tarixli, 10/2146 nömrəli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin emal sexində avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirılmədən həmin avadanlığın istismarına yol verdiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”ün 1.4-cü bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin emal sexində “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinin, o cümlədən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edə biləcək şəkildə yerləşdirilməsini təmin etmədiyinə görə, “İstehsalat avadnlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”ün 1.2, 2.1.5ci bəndlərinin tələbləri həmin təmir işlərinin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsi nəticəsində baş verməsini nəzərə aldıqda, zərərçəkmiş tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-də elektrik vəzifəsində işləyən, eləcə də, orada olan texnikalara faktiki nəzarəti həyata keçirən Şəxs əməlində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə iclasında iştirak edən Goranboy rayon prokurorluğunun nümayəndəsi X10 izahat göstərdi ki, araşdırma onun tərəfindən aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin emal sexində avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər pozulmuş və nəticədə Zərərçəkmiş şəxs az ağır xəsarət almışdır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-də elektrik işləmiş Şəxs işlədiyi dövrdə Cəmiyyətin balansında olan istehsalat üçün avadanlıq və dəzgahların elektrik sisteminə nəzarət edir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 2017-ci il tarixdən "xxxx" MMC-də elektrik vəzifəsində işləyir. Bundan başqa o və "xxxx" MMC-də monitor vəzifəsində işləyən X3 işləyən fəhlələrə nəzarət edir. O, həmçinin "xxxx" MMC-də olan texnikalara da nəzarət edir. 06 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin bəzi hissələrində təmir işləri həyata keçirilmişdir və o, həmin vaxt evdə olmuşdur. Həmin gün saat 16:00 radələrində "xxxx" MMC-nin bufetini işlədən Kəmalə Rzayeva ona zəng edərək MMC-də müxtəlif işlər üzrə fəhlə işləyən Zərərçəkmiş şəxs əmək funksiyasını yerinə yetirən zaman ayağından xəsarət aldığını və Gəncə şəhər X1 bildirmişdir. O, dərhal həmin xəstəxanaya getmiş və Zərərçəkmiş şəxs sağ ayağının “Cin” aparatının arasında qalmasını və xəsarət almasını görmüşdür. O, "xxxx" MMC-nin balansında olan istehsalat avadanlıqlarının və dəzgahlarının elektrik siteminə nəzarət edir. Sadalananları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 və X7 əməllərində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də elektrik vəzifəsində işləmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 06 mart 2023-cü il tarixli, 210 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ ayağın 1-ci və 2-ci barmağının travmatik zədələnməsi və amputasiyası kəsici alətin(lərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli, 10/2146 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”nin 1.2, 1.4, 2.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" MMC-nin emal sexində avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verdiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.4-cü bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin emal sexində “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinin, o cümlədən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edə biləcək şəkildə yerləşdirilməsini təmin etmədiyinə görə, “İstehsalat avadnlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.2, 2.1.5 bəndlərinin tələbləri həmin təmir işlərinin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs işlədiyi dövrdə Cəmiyyətin balasında olan istehsalat üçün avadanlıq və dəzgahların elektrik sisteminə nəzarət etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir; 54-cü maddəsinin 1-ci bəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir; 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir; 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini təmin etməlidirlər; 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. İXM-in: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, Şəxs "xxxx" MMC-də işlədiyi dövrdə Cəmiyyətin balasında olan istehsalat üçün avadanlıq və dəzgahların elektrik sisteminə nəzarət etməkdə məsul olmuşdur. Həmin nəzarətin düzgün həyata keçirilməməsi nəticəsində 06 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin emal sexində “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinin, o cümlədən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunması və ya işçilərin onlara toxunmasını istisna edə biləcək şəkildə yerləşdirilməsi təmin edilmədiyinə görə işçi Zərərçəkmiş şəxs az ağır xəsarət almışdır. Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etməmiş və bunun nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 55.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iş üzrə məsrəf - ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat dövlət hesabına ödənilməlidir. Beləliklə, məhkəmə, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cəzrimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar