Məhkəmə qərarları › İş №3(045)-371/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-371/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-371/2023 04.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş xətaları törətməsinə dair 18 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 18 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, 18 may 2023-cü il tarixdə, saat 11:10-da Goranboy şəhəri, H.Əliyev prospekti 18 və 20 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinakada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (stomatoloji, ortopedik, ortodontik, cərrahi) və mikrobioloji və sertifikasiyasız çalışan işçilərin işləməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, təmsil etdiyi klinikada aşkar olunmuş stomatoloji işə aid alətlər, vəsaitlər və ləvazimatlar gələcəkdə ortopedik, ortodontik və cərrahi stomatologiya fəaliyyətilə məşğul olmaq üçün müvafiq lisenziya alınması məqsədilə klinikaya yığılmışdır. Bundan başqa klinikada aşkar olunmuş mikrobioloji işə aid reagentlər və təsdiqedici sənədlər də klinika tərəfindən həmin fəaliyyətin göstərilməsinə dəlalət etmir. Belə ki, klinika ilə bu fəaliyyətlə məşğul olan digər özəl müəssisələrlə müqavilələr bağlanmış və götürülmüş nümunələr müvafiq laborotoriyadan keçirilməsi üçün həmin müəssisələrə göndərilir. Yəni, klinika tərəfindən lisenziyada nəzərdə tutulmayan iş və xidmətlər həyata keçirilməmişdir. Bundan başqa sertifikasiyadan keçməyən şəxslərin klinikada işləməsi ilə bağlı qeyd edir ki, X3 və X4 xx.xx.2023-cü il tarixədək tibb bacısı kimi fəaliyyət göstərmişlər, lakin daha sonra sertifikasiya şəhadətnaməsinin tələb olunması nəzərə alınaraq həmin şəxslər kiçik tibb bacısı vəzifəsinə keçirilmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, kosmotoloji prosedur otağında lazer epilyasiya prosedurunun icrasının kimin tərəfindən həyata keçirilməsindən və bununla bağlı tibb təhsilinin zəruriliyindən xəbərsizdir. Hətta istənilən şəxs həmin klinikada gəlib o fəaliyyətlə məşğul ola bilər. Yekunda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, 2020-ci il tarixdən Şəxs MMC-də fizioterapiya şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. O, işlədiyi müddətdə sertifikasiyadan keçməmişdir. xx.xx.2023cü il tarixdən o, müəssisədə kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. O, klinikada hazırda təmizlik işlərinə baxır, hər hansı tibbi fəaliyyətlə məşğul deyildir. Ginekoloji şöbənin qarşısında şəkli çəkilərkən də orada hər hansı tibbi fəaliyyətlə məşğul olmamış, təmizlik işləri aparmışdır. Fotoda əks olunan qucağındakı uşaq da öz uşağı olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, klinikada epilyasiya fəaliyyətini əvvəllər Qəmzə adlı şəxs həyata keçirmişdir. Hazırda həmin fəaliyyətlə Gültəkin adlı şəxs məşğul olur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, 2022-ci il tarixdən Şəxs MMCdə tibb bacısı vəzifəsinə işə qəbul edilmiş və müəssisə ilə aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, işlədiyi müddətdə sertifikasiyadan keçməmişdir. xx.xx.2023-cü il tarixdən o, müəssisədə kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə klinikada keçirilən yoxlama zamanı fotoşəkillər çəkilmiş və həmin vaxt o, tibb bacısı uniformasında fizioterapetvtik otaqda təmizlik işlərinə nəzarət etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs MMC-də kosmetoloji fəaliyyət, yəni epilyasiya xidməti “Qəmzə” adlı şəxs tərəfindən həyata keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş. Məhkəmə, inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlamanın 18 may 2023-cü il tarixli, 346 nömrəli aktından görünür ki, Goranboy şəhəri, H.Əliyev prospekti 18 və 20 ünvanında yerləşən VÖEN (**********) Şəxs MMC-nin lisenziyanının şərtlərinə riayət olunmaması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlib edilməməsi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İNK-481/2019 nömrəli, 28 dekabr 2019-cu il tarixli lisenziyadan və əlavəsindən görünür ki, Goranboy şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən Şəxs MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir; Fotoşəkillərdən görünür ki, Goranboy şəhəri, H.Əliyev prospekti 18 və 20 ünvanında yerləşən VÖEN (**********) Şəxs MMC-yə məxsus klinikada mikrobioloji reagentlər, stomatoloji işə aid vəsaitlər, stomatoloq yazılmış löhvə, stomtoloji ortopedik vəsaitlər, lisenziyadan kənar stomatoloji ortopedik işə aid olan vəsaitlər, lisenziyadan kənar cərrahi stomatoloji işə aid vəsaitlər aşkar edilmişdir; “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə Şəxs MMC-yə tibb bacısı vəzifəsinə işə götürülmüşdür; “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 xx.xx.2023-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə Şəxs MMC-yə kiçik tibb bacısı vəzifəsinə işə götürülmüşdür; “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X4 xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə Şəxs MMC-yə tibb bacısı vəzifəsinə işə götürülmüşdür; “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə Şəxs MMC-yə kiçik tibb bacısı vəzifəsinə işə götürülmüşdür. Hüquqi əsaslandırma: İXM-in 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, şəxsin İXM-in 215.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün onun tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilməlidir. Hazırkı iş üzrə Şəxs MMC-yə məxsus klinikada stomatoloji, ortopedik, ortodontik, cərrahi fəaliyyətin keçirilməsi bildirilsə də bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına müvafiq fotoşəkillər əlavə edilsə də, həmin fotoşəkillər Şəxs MMC-yə məxsus klinikada müvafiq fəaliyyətin həyata keçirilməsinə dəlalət etmir. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, ümumiyyətlə klinikada bu fəaliyyətlə məşğul olunmamış, fotoşəkillərdə göstərilən ləvazimatlar müvafiq lisenziyanın alınması üçün müəssisəyə yığılmışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 18.1-ci maddəsinə əsasən ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. 18.2-ci maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir (lisenziya və icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları bu Qanunun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə): - ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; - ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti; - ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; - ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa); - lisenziya və icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər. Göründüyü kimi müvafiq lisenziyanın alınması üçün ərizəçi tərəfindən lisenziya və icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər də ərizəyə əlavə edilməlidir. Bu halda məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hərəkətlərində İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Nəzərə alınmalıdır ki, tədqiq edilmiş sübutlarla Şəxs MMC-nin hərəkətlərində İXM-in 215.1-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz inzibati xəta haqqında protokol tərtib etmiş qurumun üzərinə düşür. Qeyd edilən orqan Şəxs MMC-nin İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız fotoşəkillərə istinad etmişdir ki, həmin hal adı çəkilən MMC tərəfindən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi mənasına gəlmək üçün əsas deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər; 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər; 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir; 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir; 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında Şəxs MMC-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlama aparılarkən MMC-də çalışan tibb mütəxəssislərinin sertifikasiyasız işləməsi müəyyən edilmişdir. Həmçinin, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X1 və məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, həmin şəxslər ifadələrində xx.xx.2023-cü il tarixədək klinikada tibb bacısı olaraq sertifikasiyadan keçmədən işlədiklərini göstərmişlər. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin hissədə xitam verilməli, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar