Məhkəmə qərarları › İş №3(045)-388/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-388/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-388/2024 21.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 01 may 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 1000000,00 ABŞ dolları məbləğində vəsaiti 15 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 250000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək məhkəmə prosessində iştirakı olmadan işə baxılmasını və iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 aprel 2022-ci il tarixli “İnternetBank” sisiteminin çıxarışından görünür ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən 1000000,00 ABŞ dolları məbləğində vəsait avtoehtiyyat hissələrin alınması üçün 15 aprel 2022-ci il tarixdə xaricə köçürülmüşdür. (xx.xx.2022-ci il tarixli, CTR 2022/005GR saylı müqaviləyə əsasən); Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürülməsinə dair cədvəldən görünür ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən qabaqcadan ödənilmiş 1000000,00 ABŞ dolları məbləğdən 750000 ABŞ dolları bəyan olunmuş, 250000,00 ABŞ dolları vəsait isə bəyan olunmamışdır; "xxxx" ASC-nin 6-2/2-550/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlandığı məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları“nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir; "xxxx" ASC-nin Nərimanov filialı 6-2-51/2-322/2024 nömrəli, xx.xx.2024-cü il tarixli , “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nə ünvanladığı məktubundan görünür ki, xx.xx.2022ci il tarixdə köçürülmüş 205OCT********** referensli ******* USD məbləğli avans ödənişi 750000 USD məbləği ABB Nəriman filialındakı AZ16İBAZ******************** hesaba geri qaytarılan, 250000 USD Paşa Bank hesabınıza geri qayıdan vəsait ilə bağlanmışdır. Hal hazırda açıq qalan avans ödənişi yoxdur; "xxxx" ASC-nin PB/VB-OUT-01416-2024 nömrəli, xx.xx.2024-cü il tarixli , “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə ünvanladığı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 250000,00 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin hesabına qayıtmışdır (xx.xx.2022-ci il tarixli, CTR 2022/005GR saylı müqaviləyə əsasən); Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ən geci 2 (iki) il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etmədikdə yaranır. Lakin, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin məktubundan görünür ki, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində yəni, xx.xx.2023-cü il tarixdə “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin mallar ölkəyə idxal olunmuşdur. Həmin məktubdan aydın olur ki, xx.xx.2022-ci il tarixli, CTR 2022/005GR saylı müqavilə üzrə köçürməyə uyğun olaraq “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialın "xxxx" ASC-də olan hesabına daxil olmuşdur; (250000 ABŞ dolları bağlanmışdır). İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 may 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 01 may 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar