Məhkəmə qərarları › İş №3(045)-389/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-389/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-389/2024 08.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bərdə rayonu, İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu, İmirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X4 18 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTByə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 08 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2024-cü il tarixdə Goranboy rayonu, Zeyvə kəndində mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-710 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Goranboy rayon Şəfibəyli kəndində yerləşən yeməkxanada Zərərçəkmiş şəxs adlı qadın onların oturduğu kabinetə gəlmişdir. Ülfüyyə ona içki almasını bildirmiş, o isə əsəbləşərək Zərərçəkmiş şəxs onu narahat etməməsini bildirmişdir. Daha sonra kabinetdən çıxmış və Ülfüyyə ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ülfüyyənin sinə nahiyəsindən tutub itələmiş, bu zaman Ülfüyyə yerə yıxılmışdır. Daha sonra Ülfüyyə ayağa qalxaraq ona qarşı nalayiq ifadə işlətmişdir. Bundan başqa həmin şəxsə qarşı heç bir zorakılıq etməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Goranboy rayon Şəfibəyli kəndində yerləşən yeməkxanaya ad günü mərasiminə çağırılmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 01 radələrində kafedən çıxaraq üzü Ağcakənd qəsəbəsi istiqamətində getmişdir. Həmin vaxt yanında “VAZ 2106” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil dayanmış və hansı istiqamətə getdiyini soruşmuş, o da Qaraçinar kəndinə getdiyini bildirmişdir. Həmin şəxs isə ona “gəlin əyləşin məndə polis işçisiyəm, həmin istiqamətə gedirəm sizi aparıb düşürərəm” demiş, o da razılaşmış və avtomobildə qabaq oturacaqda əyləşmişdir. Daha sonra onlar Goranboy rayon Zeyvə kəndinə çatan zaman sürücü avtomobili saxlayaraq telefonu ondan istəmiş, o da telefonu vermək istəməyən zaman o telefonun əlindən məcbur almağa çalışmışdır. Daha sonra həmin şəxs avtomobildən düşüb onun əyləşdiyi istiqamətə gələrək onu məcburi avtomobildən düşürmüş və saçından tutaraq dartıb aparmışdır. O həmin vaxt adını sonradan bildiyi Şəxs müqavimət göstərmək istərkən sonuncu onun sağ ayaq nahiyəsindən tutaraq geriyə çəkmişdir. Daha sonra o avtomobilə tərəf qaçıb telefonunu götürmək istəyən zaman həmin şəxs ona “narahat olma əyləş avtomobilə gedək mənə qarşıdan su al ver içim sonra səni istədiyin yerə düşürəcəm” demişdir. O da avtomobilə əyləşmiş və Goranboy rayon Şəfəq kəndinə çatan zaman həmin şəxs ona 1 manat pul vermiş və su almasını bildirmişdir. O da avtomobildən düşən zaman həmin şəxs avtomobili sürətlə sürərək geriyə qayıtmışdır. Bir neçə dəqiqə sonra PPX-nin avtomobilin gəldiyini görmüşdür. Bu zaman o, polis avtomobilinə əli ilə işarə eləmiş və onlara həmin şəxsin onu döydüyünü bildirmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Qaraçinar kəndində post yoldaşı polis baş serjantı Süleyman Həsənov ilə xidmətdə olan zaman Goranboy rayon Qaraçinar kəndi ilə Şəfəq kəndinin həmsərhədində tanımadığı bir nəfər qadın onların xidməti avtomobilinə yaxınlaşaraq adının Zərərçəkmiş şəxs olduğunu və bir nəfər tanımadığı “VAZ 2106” markalı avtomobilin sürücüsünün onu Goranboy rayon Zeyvə kəndində avtomobilindən düşürərək döyməsini və telefonunun həmin avtomobilə düşməsini bildirmişdir. Daha sonra onlar həmin sürücüsünü müəyyən etmək üçün həmin qadın ilə birlikdə Goranboy rayon Şəfibəyli kəndinə çatan zaman Zərərçəkmiş şəxs onu döyən sürücünün kafenin qarşısında olan “VAZ 2106” markalı avtomobilin olduğunu bildirmişdir. Onlar həmin yeməkxanaya yaxınlaşmışlar və Zərərçəkmiş şəxs onu döyən şəxsin Şəxs olduğunu göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin şəxsin avtomobilində telefonu qaldığını bildirmişdir. Həmin vaxt o, pəncərənin qarşısında telefon olduğunu görmüşdür. Həmin qadına telefonun onun olub-olmadığını soruşmuş, qadın telefonda baxdıqdan sonra onun olduğunu bildirmişdir. Daha sonra məsələni aydınlaşdırmaq üçün onları Goranboy RPŞ-yə dəvət edərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X6 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini tam etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 18 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 289 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ və sol budun yuxarı 1/3 ön səthinin sıynqları KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən fiziki zor nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli qismən etiraf edib peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 may 2024-cü il tarixdən, saat 18:50-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar