Məhkəmə qərarları › İş №3(045)-390/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-390/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-390/2024 08.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 08 may 2024-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 07 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 may 2024-cü il tarixdə saat 17:40 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 07 may 2024-cü ilin tarixində saat 17:40 radələrində Goranboy rayon Qızılhacılı qəsəbə sakini X2 Goranboy RPŞ-nə ərizə ilə müraciəti əsasında ünvan 2 ünvanında Şəxs Goranboy RPŞ-nə dəvət etmək üçün yaşadığı ünvanına Goranboy RPŞnin İTB-nin polis sahə nəfəri Elvin Əhmədov ilə birlikdə getmişdir. Hadisə yerində olan zaman Şəxs Goranboy RPŞ-yə dəvət olundu, lakın o, küçədə X2 ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onlar sonuncunu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etdi, o da Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-ə təhvil vermişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs şöbəyə dəvət edilən zaman öz etirazını bildirdi, lakin sonda avtomobilə əyləşərək şöbəyə gəlmişdir. Hadisə ilə bağlı hər hansı bir video yazı lentə alınmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 07 may 2024-cü ilin tarixində saat 17:40 radələrində Goranboy rayon Qızılhacılı qəsəbəsində X1 ilə aralarında sözlə mübahisə yaranmışdır. X1 onu xırdabuynuzlu heyvanlarının oğurlanmasında ittiham etdiyi üçün əsəbləşmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra hadisə yerinə Goranboy RPŞ-nin polis əməkdaşları gəlmiş və onu nizam-intizama dəvət edərək rayon şöbəsinə dəvət etmiş və o, polisin qanuni tələbinə tabe olaraq avtomobilə əyləşmişdir. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri X6 izahatında göstərdi ki, 07 may 2024-cü ilin tarixində saat 17:40 radələrində Goranboy rayon Qızılhacılı qəsəbə sakini X2 Goranboy RPŞ-nə ərizə ilə müraciəti əsasında Goranboy rayon Qızılhacılı qəsəbəsində Şəxs Goranboy RPŞ-nə dəvət etmək üçün yaşadığı ünvanına Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 ilə birlikdə getmişdir. Hadisə yerində olan zaman Şəxs Goranboy RPŞ-yə dəvət olundu, lakın o, küçədə X2 ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onlar sonuncunu dəfələrlə nizam-intizama dəvət etmişlər, lakin Şəxs buna dair öz etirazını bildirdi. Bundan sonra özü polis avtomobilinə əyləşərək şöbəyə gətirilmiş və NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, 07 may 2024-cü il tarixdə xırdabuynuzlu heyvanların qardaşı oğlu Şəxs tərəfindən oğurlandığına şübhə etmiş və bununla bağlı qardaşıoğlunun evinə getmiş, Şəxs onu qapıda qarşılamış, aralarında mübahisə yaranmış və sonuncu onu uca səslə nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Goranboy RPŞ-yə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər və qardaşıoğlu Şəxs tərəfindən onun ünvanına nalayiq ifadələrinin işlətməsinin şahidi olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin İTB-nin polis polis sahə nəfəri Elvin Əhmədov tərəfindən rəhbərliyə ünvanlanmış 07 may 2024-cü il tarixli raportdan görünür ki, 07 may 2024-cü ilin tarixində saat 17:40 radələrində Goranboy rayon Qızılhacılı qəsəbə sakini X2 Goranboy RPŞ-nə ərizə ilə müraciəti əsasında ünvan 2 ünvanında Şəxs Goranboy RPŞnə dəvət etmək üçün yaşadığı ünvanına Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Əliyev ilə birlikdə getmişdir. Hadisə yerində olan zaman Şəxs Goranboy RPŞ-yə dəvət olundu, lakın o, küçədə X2 ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onlar sonuncunu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etdi, o da Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-ə təhvil vermişdir. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tətbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07 may 2024-cü tarixdə ictimai yerdə, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Şəxsin inzibati xətanı törətməsini sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyünü nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta hadisəsi barədə məlumatı və hadisənin video görüntülərinin olmadığı bildirmişdir. Yəni, məhkəməyə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin olmasını təsdiq edə biləcək hər hansı bir sübut (şahid izahatı, hadisə yerinin video görüntüləri və s.) təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8.1ci maddəsi). Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs Goranboy RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində xırda xuliqanlığa dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 may 2024-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 07 may 2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində nalayiq ifadələr işlətməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Yəni, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı qismən etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 07 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar