Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-395/2024 13.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X10 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonunun İmirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin X10 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Goranboy rayonu, Şəfibəyli kəndi ərazisində “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin X10 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X1 ərizəsi əsasında toplanmış HK-1-710 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə X3 əməlində İXM-in 333.2-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs alkoqoldan istifadə etməsi aşkar edilmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs həmin vaxt spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməsi iş materialında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda alınmış şahid ifadələri ilə təsdiq edilir. Şəxs spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməsi birbaşa aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Goranboy rayon Şəfibəyli kəndində yerləşən yeməkxanada olan zaman Ülfüyyə Sadıqova adlı qadın onların oturduğu kabinetə gəlmişdir. Ülfüyyə ona içki almasını bildirmiş, o isə əsəbiləşərək Ülfiyyə Sadıqovaya onu narahat etməməsini demişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə o, ayıq vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayonu Şəfibəyli kəndi ərazisində hərəkətdə olan zaman Ülfüyyə Sadıqovanı görmüş və sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Ülfüyyə Sadıqovanı əli ilə itələmiş və yenidən həmin kafeyə getmişdir. Kafedə olan zaman dostu ilə spirtli içki qəbul edən zaman tanımadığı iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və vətəndaş X1 onun barəsində şikayət etdiyini, bununla əlaqədar olaraq şöbəyə gəlməsini bildirmişlər. Yekunda iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, avtomobili idarə edən zaman sərxoş olmamışdır və buna dair heç bir sübut yoxdur. O, avtomobili oturduğu yeməkxananın qarşısında saxladıqdan sonra dostu ilə spirtli içki qəbul etmişdir və onu inkar etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXM-in 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXM-in 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 18 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 333.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin DYPB-yə həvalə edilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Hüquqi əsaslandırma: İXM-in 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində sərxoş vəziyyətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunverciliyin məzmunundan göründüyü kimi, şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi halda İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. Hazırkı halda Şəxs tərəfindən sərxoş halda avtomobilin idarə edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Lakin, bu onun tərəfindən həmin vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması mənasına gəlməyə əsas vermir. Məhkəmə qeyd edir ki, məhz şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş halda idarə edilməsi onun əməlində İXM-in 333.1 və 333.2-ci maddələrinin tərkib əlamətini yaradır. İnzibati orqan yalnız ehtimallar əsasında bu nəticəyə gəlmişdir ki, bu isə öz növbəsində şəxsin İXM-in 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Goranboy RPŞ-nin DYPB tərəfindən İXM-in 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilmiş şahid ifadələrinə və sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə protokoluna əsasən tərtib olunmuş, həmin şəxsin ona istinad olunan inzibati xətanı törətməsi, yəni onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə digər hər hansı sübut isə, məsələn hal şahidlərinin izahatları, hadisə barədə videoçəkilişin, fotoçəkilişin qeydə alınması və s. əldə olunmamışdır. Bundan başqa, Şəxs ümumiyyətlə xx.xx.2024-cü il tarixdə avtomobili idarə etməsinin xüsusi texniki vasitələrlə qeydə alınması da müəyyən edilməmiş, onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi Goranboy RPŞ-nin DYPB-nin YPX-nın əməkdaşı tərəfindən aşkar olunmamış, həmin şəxs saxlanılarkən avtomobildə olmamış, piyada olmuşdur. Şəxs saxlanıldıqdan sonra tibbi müayinəsinin nəticəsinə əsasən onun sərxoş vəziyyətdə olmasının müəyyən edilməsi isə onun həqiqətən də avtomobili sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa sözügedən qərarda Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edilmiş, bunu hər hansı qanuni üsulla müəyyən edilməsi isə göstərilməmiş, hər hansı texniki vasitələrdən istifadə edərək baş vermiş hadisə videolentə çəkilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həmin gün, yəni xx.xx.2024-cü il tarixdə sərxoş olub-olmaması barədə alkotesterin nəticəsi və ya nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə protokol iş materiallarına əlavə edilməmişdir. Ona görə də Şəxs təqsirli olmasını təsdiq edən digər hər hansı sübut isə yoxdur. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Belə olan halda məhkəmə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edərək hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Təqsirsizlik prezumpsiyası). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə eyni zamanda qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs hərəkətlərində İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, məhkəmə şəxsin təqsirsiz olması qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həin xitam verilməlidir. Belə ki, İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi olmadığından barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-395/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-395/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver