Məhkəmə qərarları › İş №3(045)-401/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-401/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-401/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə Xocalı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, İİ dərəcəli əlil, işləməyən, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy şəhəri X6, bina 2, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli, MN № ******* saylı,. xx.xx.2024-cü il tarixli və MN № ******* saylı, xx.xx.2024-ci il tarixli protokollardan və onlara əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhərində yerləşən ZOO aptekin qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra o, Goranboy rayon Polis Şöbəsinə dəvət olunmuş, izahatı alınmış, onun məhkəmə narkoloji ekspertizadan keçirilməsi barədə qərar qəbul edilmiş, keçirilmiş ekspertiza nəticəsində Şəxs narkotik vasitə olan kannabinioidlərdən sui-istifadə etməsi aşkar olunmuşdur. Odur ki, Goranboy rayon X4 Həmidov barəsində müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. İşin halları: (tərəflərin mövqeyi) Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi və ifadə verərək göstərdi ki, o, Xocalı şəhərindən məcburi köçkündür. Hazırda ailəsi ilə birlikdə Goranboy şəhəri X6ndə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhərində yerləşən Zoo aptekin qarşısında olarkən, adını sonradan bildiyi Goranboy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Firuz Nuriyev ona yaxınlaşmış, özünü təqdim edərək Goranboy RPŞ-nin polis əməkdaşı Bəxtiyar Quliyevin harada olmasını, onu görüb-görmədiyini soruşmuş, o da sərxoş olduğu üçün aqressiv cavab vermiş, uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu Goranboy rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada olarkən onun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yrandığından, o, məhkəmə narkoloji ekspertizasından keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində onun narkotik vasitə olan kannabinioidlərdən sui-istifadə etməsi aşkar olunmuşdur. Himayəsində 2 uşağı vardır, ailənin yeganə qazanc gətirən şəxsdir, Xocalı rayonundan məcburi köçkündür. Xocalı soyqırımı zamanı anası gözünün qarşısında erməni mənfurları tərəfindən güllələnərək öldürülmüşdür. Bundan baqşa, həmin gün nənəsi, əmisi və əmisi oğlu da Xocalı soyqırımının qurbanları olmuş, şəhidlik zirvəsinə ucalmışlar. Özünün ayaqlarını isə Xocalı faciəsi günü don vurmuş, nəticədə sağ ayağının topuqdan aşağı əhəmiyyətli hissəsi amputasiya olunmuşdur, hazırda İİ qrup əlildir. Hazırda əməlindən səmimi peşman olmuşdur, Odur ki, barəsində olan inzibati material üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. (şahidlərin ifadələri) Məhkəmə araşdırması zamanı dindirilmiş şahid X3 ifadə verərək göstərdi ki, o, Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantıdır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhərində yerləşən Zoo aptekin qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizamintizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmaması, keçirilmiş ekspertiza nəticəsində onun narkotik vasitə olan kannabinioidlərdən sui-istifadə etməsinin aşkar olunması faktına görə Goranboy RPŞ-də araşdırma aparılmış, Goranboy RPŞ-nin TB-də 15 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərar Goranboy RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan başqa, Goranboy RPŞ-nin İTB-də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, hər üç əməl üzrə inzibati qaydada protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin ifadələrini dinləyib, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə birlikdə protokolları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. Odur ki, o, İXM-nin həmin maddələrilə təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. (Digər sübutlar) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Goranboy rayon Polis Şöbəsinin TB-nin 15 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir; “İnzibati qaydada tutmaq haqqında” 14 may 2024-cü il tarixli protokolundan görünür ki, Şəxs həmin gün saat 17:30-da tutulmuş və 15 may 2024-cü il tarixdə saat 18:10-da azad edilmişdir; İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1613/2024 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir; İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 may 2024-cü il tarixli 822 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Vəsiqə № 045496 nömrəli vəsiqədən görünür ki, Şəxs İİ dərəcəli əlildir; İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Vəsiqə № 027290 nömrəli 19 may 2016-cı il tarixli vəsiqədən görünür ki, Şəxs şəhid ailəsidir; İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Vəsiqə № 008818 nömrəli 28 aprel 2023-cü il tarixli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, Şəxs şəhid ailəsidir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibatı xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Hüquqpozan Şəxs haqqında olan inzibati xətaya dair material onun qəsdən inzibati xətaları törətməsi, yəni Azərbaycan Respublikası İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - 50 (əlli) manatdan 100 (bir yüz) manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 (on beş) günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər 200 (iki yüz) manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin ifadələrini dinləyib, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy şəhərində yerləşən Zoo aptekin qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmaması, məhkəmə narkoloji ekspertizadan keçirilməsi nəticəsində onun narkotik vasitə olan kannabinioidlərdən sui-istifadə etməsi, yəni Azərbaycan Respublikası İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələri ilə hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməlləri qəsdən törətməsi öz təsdiqini tapmışdır, buna görə də, o, İXM-nin həmin maddələri ilə inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə, inzibati xəta törədən şəxsə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (İXM-in 31.2-ci maddəsi). Məhkəmə, Şəxs İİ dərəcəli əlil olmasını, şəhid ailəsi olmasını, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran (İXM-in 33-cü maddəsi) halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, belə hesab edir ki, törədilmiş inzibati xətalardan daha ciddi xəta İXM-nin 206-cı maddəsi olduğundan, Şəxs həmin maddə ilə tənbeh olunmalıdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, İİ dərəcəli əlil olmasını, şəhid ailəsi olmasını, törətmiş olduğu əməlin mahiyyətini, məhkəmə araşdırması zamanı davranışını nəzərə alaraq hesab edir ki, ona, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə aşağı həddə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 may 2024-cü il tarixli 822 saylı rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Belə ki, İXM-in: 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 ,43, 48-51, 55, 106-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydə alınsın. Qərarın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar