Məhkəmə qərarları › İş №3(045)-402/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-402/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-402/2025 03.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) Şahhüseynova (Nəbizadə) Məftunə Ərəstun qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonunun Keşdək kəndində qeydiyyatda olmaqla, Goranboy rayonunun Veyisli kəndində ünvanda yaşaya Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 mart 2025-ci il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 03 mart 2025-ci il tarixli MN 208925 saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs qalıq 1895 manat aliment borcunu ödəməkdən qəsdən yayınır. Beləliklə, borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Şahhüseynova (Nəbizadə) Məftunə Ərəstun qızına verilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədində göstərilən aliment borcunun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu icra sənədi üzrə olan 1895 manat aliment borcunu tam olaraq ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də qərəzli olaraq aliment borcunu ödəməmişdir. Bu günki tarixdə borclu Şəxs Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən məcburi gətirmə qərarı nəticəsində şöbəyə gətirilmiş və iş üzrə izahatı alınmış, o, izahatında 1895 manat məbləğində aliment borcundan heç bir ödəniş edə bilmədiyini, imkanı olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən ondan hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq Şahhüseynova (Nəbizadə) Məftunə Ərəstun qızına ödənilməlidir. Hazırda o, icra sənədi üzrə yaranmış aliment borcu tam ödəyə bilmir. Çünki Zərərçəkmiş şəxs borcu ona köhnə tarixdən yazdırmışdır. O ancaq aliment üzrə aylıq ödənişini ödəyəcəkdir. Qalıq borcu istəyirsə uşağın saxlanılması ona verilməsini tələb edir Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Şahhüseynova (Nəbizadə) Məftunə Ərəstun qızı izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs bir uşagın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat miqdarında sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır. Həmin qərar əsasında borclu ona mütəmadi ödənişlər etmir və məhkəmə qərarında göstərilən aliment borcunu tam ödəməkdən yayınır. Hazırda Şəxs ona 1895 manat məbləğində aliment borcu yaranmışdır, o, borcunu ödəməkdən qəsdən yayınır, buna görə də, Şəxs şikayətçidir. O, borcludan borcun tam ödənilməsini ya da iki hissəyə bölünərək ödənilməsini tələb edir. Belə ki, o uşağın saxlanılmasında çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin 2(125)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs zərərçəkmiş şəxs (tələbkar) Şahhüseynova (Nəbizadə) Məftunə Ərəstun qızının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e208056/2024-9-9-002 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Şəhər Məhkəməsinin 2(125)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, borclu Şəxs Goranboy rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qərəzli olaraq icra sənədini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar