Məhkəmə qərarları › İş №3(045)-403/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-403/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-403/2025 03.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nın inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonu, Qarqucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Qarqucaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3, 332.1, 342.5 və 334.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 mart 2025-ci il tarixdə Goranboy Rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:08-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21061” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili il ərzində təkrarən sərxoş halda idarə etmiş və İXM-in 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da, onun barəsində İXM-in 334.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nın inspektoru polis baş serjantı X2 izahat verərək bildirdi ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:08-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21061” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Araşdırma zamanı sürücü Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi məlum olmuşdur. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 334.2-ci maddsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 334.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 23:08-də Goranboy şəhər ərazisində hərəkətdə olan zaman Goranboy RPŞ-nin DYPB-nin YPX-nın əməkdaşları tərəfindən saxla işarəsi verilmişdir. Həmin vaxt YPX-nın əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və idarə etdiyi avtomobilin işıq cihazlarından istifadə qaydasını pozduğunu bildirilmişdir. Bundan sonra YPX-nin inspektoru onun alkoqoldan istifadə edib-etməməsini soruşmuşdur. Bu zaman o, içkili olduğunu bildirmiş və araşdırma nəticəsində onun sürücülük hüququ olmadan, bir il ərzində eyni inzibati xətanı törətməsi aşkar edilmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İN 642610 nömrəli alkotester rəyindən görünür ki, Şəxs həmin tarixdə sərxoş (0.418%) olmuşdur; İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5 və 334.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir; TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir; DİN-nin DYP Web Portalından verilmiş çıxarışdan görünür ki, Şəxs AE seriyalı 115042 nömrəli sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək məhdudlaşdırılmışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:08-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21061” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyi öz təsdiqini tapsa da, il ərzində təkrarən idarə etməsi, bununla da İXM-in 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, Şəxs əməli onun tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili sərxoş halda il ərzində təkrarən idarə etməsi kimi, yəni İXM-in 334.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; İXM-in 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunericiliyin yuxarıda göstərilən normalarından görünür ki, şəxsin İXM-in 334.2ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün onun İXM-nın 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəzərdə tutulmuşdur. İXM-in: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 138.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Qeyd edilən qanunvericilik normalarını hazırkı işin materialları ilə qarşılıqlı şəkildə tədqiq etdikdə görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və qərar həmin tarixdə Şəxs təqdim edilmiş, sonuncunun sözügedən qərardan xx.xx.2025-ci il tarixdən hesablanmaqla 20 gün ərzində şikayət vermə hüququ olmuş, beləliklə həmin qərarın qanuni qüvvəyə minməsi xx.xx.2025-ci il tarixdən sonrakı gün olmasına baxmayaraq, Şəxs barəsində İXM-nın 334.2-ci maddəsi ilə protokol xx.xx.2025-ci il tarixdə, yəni İXM-in 334.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol qanuni qüvvəsini almadan tərtib edilmişdir. Belə olan halda Şəxs əməli İXM-nin 334.2-ci maddəsinin deyil, həmin Məcəllənin 334.1-ci maddəsinin tərkibini yaradır. Bu da əməlin İXM-nin 334.2-ci maddəsindən həmin Məcəllənin 334.1-ci maddəsinə tövsif edilməsini zəruri edir. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xətaların tövsif edilməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmamışdır. Odur ki, inzibati xəta haqqında işlərə baxılarkən törədilmiş inzibati xətanın İXM-in bir maddəsindən başqa maddəsinə, o cümlədən daha yüngül məsuliyyət nəzərdə tutulan maddəsinə tövsif edilməsinin mümkün olub-olmaması məsələsi mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edib peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. Məhkəmə Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəxsd oğlunun təqsirləndirildiyi İXM-in 334.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan inzibati tənbeh təyin edilərkən bu hal İXM-in 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əssən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. A zərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329.3, 332.1, 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) - Baş X6 İdarəsinin rəisi, onun müavinləri, Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X6 İdarəsinin rəisi, ərazi polis orqanlarının X6 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X6 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X6 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.3, 332.1, 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsindən həmin Məcəllənin 334.1-ci maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 342.5ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X3 X5 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar