Məhkəmə qərarları › İş №3(045)-405/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-405/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-405/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - 25 avqust 1982-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış, Goranboy rayonu Dəyirmanlar kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN № ******* saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbində Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşin halları: (tərəflərin mövqeyi) Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Goranboy rayonu Dəyirmanlar kəndində yaşayır. X2 onun doğma oğludur. Rəhman Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs isə onun oğlu Rəhmanın tarix müəllimidir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində oğlu Rəhman onun mobil telefonuna zəng edərək Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək onu döyməsini bildirmişdir. O, dərhal məktəbə gəlmiş, sinif otağına daxil olmuş, oğlunun ağladığını görmüş, bundan bərk hiddətlənərək Zərərçəkmiş şəxs kürək nahiyyəsinə 2-3 dəfə sillə ilə vurmuşdur. Hazırda əməlindən peşmandır, odur ki, barəsində olan inzibati material üzrə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Goranboy rayonu Dəyirmanlar kəndində yaşayır. O, Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbində tarix müəllimi işləyir və X1 bu fənni tədris edir. xx.xx.2024-cü il tarixdə saat 09:20 radələrində o, Rəhmanın təhsil aldığı İX sinifə daxil olmuş, summativ qiymətləndirmə aparmaq məqsədilə şagirdlərə test kitabçaları paylayaraq 45 dəqiqə ərzində testdə qeyd olunan sualları cavablandırmağı bildirmişdir. 45 dəqiqə başa çatdıqdan sonra o, test kitabçalarını yığmağa başlamış, lakin Rəhman Allahverdiyevin test kitabçasını imzalamadığını və ad soyadını qeyd etmədiyini görmüşdür. O, Rəhman Allahverdiyevdən test kitabçasına ad soyadını qeyd etməsini və imzalamasını tələb etdikdə, Rəhman bundan imtina etmiş və sinifdən çıxıb getmişdir. Təxminən 10 dəq sonra Rəhmanın anası dərs prosesi zamanı sinifə daxil olmuş, onun üzərinə hücum edərək boyun və sol yan nahiyyəsinə yumruqla vuraraq onu qəsdən döymüşdür. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda, o, Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Odur ki, Şəxs ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. (şahidlərin ifadələri) Məhkəmə araşdırması zamanı dindirilmiş şahid X5 ifadə verərək göstərdi ki, o, Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Şəxs 07 mart 2024-cü il tarixdə Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbində həmin məktəbin tarix müəllimi Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktına görə Goranboy RPŞ-nin TB-də araşdırma aparılmış, 19 aprel 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərar Goranboy RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə protokolu araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, İXM-nin həmin maddəsilə təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. (Digər sübutlar) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Goranboy rayon Polis Şöbəsinin TB-nin 19 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs 07 mart 2024-cü il tarixdə Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbində həmin məktəbin tarix müəllimi Zərərçəkmiş şəxs döyməsi faktı üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati tənbeh tədbirinin görülməsi üçün Goranboy rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan MTE və PAB PHŞ-nin 217 №-li 09 mart 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibatı xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hüquqpozan Şəxs haqqında olan inzibati xətaya dair material onun qəsdən inzibati xətaları törətməsi, yəni Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədədir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 02 (iki) ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs 07 mart 2024-cü il tarixdə Goranboy rayonu Dəyirmanlar kənd tam orta məktəbində həmin məktəbin tarix müəllimi Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, yəni Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi öz təsdiqini tapmışdır, buna görə də, o, İXM-in həmin maddəsi ilə inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə inzibati xəta törədən şəxsə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (İXM-in 31.2-ci maddəsi). Məhkəmə Şəxs əməlini etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran (İXM-in 33-cü maddəsi) halların olmamasını nəzərə alır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin ondan şikayət etməsini, şəxsiyyətini, törətmiş olduğu əməlin mahiyyətini, məhkəmə araşdırması zamanı davranışını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə aşağı həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 ,43, 106-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərarın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar