Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-406/2024 17.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X4 08 may 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən MN seriyalı ******* nömrəli, 17 may 2024-cü il tarixli və MN seriyalı ******* nömrəli, 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs məxsus traktorun arxa və yan şüşələrini sındıraraq ona 150 manat məbləğidə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək həmkəndlisi Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumata əsasən Goranboy RPŞ-nin TB-də araşdırma aparılmış, nəticədə toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 17 may 2024-cü il tarixli və MN seriyalı, ******* nömrəli, 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında bar əsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur, münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, Qızılhacılı qəsəbəsində yerləşən evlərinin yaxınlığında olarkən küçə ilə traktor gəldiyini görmüş, həmin traktorla küçənin başına getmək istədiyi üçün traktora minmək istəmişdir. Lakin, traktorun sürücüsü Zərərçəkmiş şəxs ona mane olmuş, onu itələyərək traktordan yerə salmaq istəmişdir. O, bundan əsəbiləşərək traktorun içərisinə daxil olmuş, Sərxanın baş nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Sərxan ona polisə şikayət edəcəyini bidirdikdə isə o, daha da hiddətlənərək traktorda olan beli götürərək traktorun arxa və yan şüşələrini sındırmışdır. O, 44 günlük Vətən müharibəsi zamanı ağır kəllə-beyin travması aldığından onun əsəb sistemi qaydasında deyildir. Hazırda əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur, münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, Qızılhacılı qəsəbəsində özünə məxsus traktorla küçə ilə gedərkən həmkəndlisi Elmuraz onu saxlayaraq hara getməsini soruşmuş, onun traktoruna minmək istəmişdir. Lakin, o, Elmuraza onu traktora mindirə bilməyəcəyini bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elmuraz ona hücüm edərək onun ağız, burun, dodaq nahiyyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. Ətrafdakı şəxslərin köməyi ilə onu traktordan düşürtmüşlər. Lakin, Elmuraz traktorda olan beli götürərək onun traktorunun yan və arxa şüşələrini sındıraraq ona 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və şikayət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X4 08 may 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTByə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın və burun yəhərinin qançırları küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin 10315 saylı 28 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Şəxs posttravmatik stress pozuntusu, anamnezində intihar cəhdi F 43.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 03 aprel 2023-cü il tarixli xəstəlik haqqında 3057 şəhadətnaməsindən görünür ki, Şəxs mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə, gərginlik tip baş ağrısı diaqnozu qoyulmuşdur, hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, sol gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyulmuşdur, ümumi xəstəlikdir səbəb əlaqəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 1580 saylı 09 oktyabr 2023-cü il tarixli həkim psixiatr komissiyasının rəyindən (1991 saylı 09 oktyabr 2023-cü il tarixli) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub, ona Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, anamnezində psixotik epizodlar, funksional tutmalarla F 62.0 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X8 Birliyinin Mİ № 004958 nömrəli 21 yanvar 2021-ci il tarixli vəsiqəsindən görünür ki, X1 müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın M/V № 119973 nömrəli 10 may 2023-cü il tarixli vəsiqəsindən görünür ki, X1 müharibəsi veteranıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibatı xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Hüquqpozan Şəxs haqqında olan inzibati xətaya dair materiallar onun qəsdən inzibati xətaları törətməsi, yəni Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədədir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi öz təsdiqini tapdığından o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, Şəxs 44 günlük vətən müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran (İXM-in 33-cü maddəsi) hallar müəyyən olunmadı. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və zədələməyə görə - bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, belə hesab edir ki, törədilmiş inzibati xətalardan daha ciddi xəta İXM-nin 157-ci maddəsi olduğundan, Şəxs həmin maddə ilə tənbeh olunmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə aşağı həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və 40 ,43, 48-51, 55, 106-115, 117, 128, 129 və 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərarın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-406/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-406/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver