Məhkəmə qərarları › İş №3(045)-407/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-407/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-407/2023 23.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 iyun 2023-cü il tarixdə saat 10:30 radələrində 723 saylı YPX-nin postunda ictimai qaydanı pozmuş və polisin qanuni tələbini qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Baş Dövlət Yol Polisi idarəsinin YPXA-nın 8-ci tağımın YPX inspektoru Xaliq Həsənov və Tural Hacızadə 723 saylı YPX postunda xidmətdə olarkən “Mercedes Benz E250” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəzarət məqsədilə sənədlərinin yoxlanılması üçün stasionar postun qarşısında saxlanılması ilə bağlı işarə vermişlər. Avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq saxlanma səbəbinin sənədlərinin yoxlanılması və nəqliyyat vasitəsinin digər konstruktiv ünsürləri olan dərman qutusunun və yanğın söndürmə vasitəsinin olması ilə bağlı sual vermişlər. Bunun qarşılığında isə sağda əyləşən sərnişin Şəxs polis əməkdaşının xidməti fəaliyyətinə müdaxilə edərək digər avtomobilləri saxlayıb yoxlamağını demiş və sonra telefonun video görüntüsünü açaraq dövlət mühümlü obyekt olan stasionar postu çəkməyə başlamışdır. Bununla bağlı dəfələrlə vətəndaşa müraciət olunmuş, polisin xidməti fəaliyyətinə müdaxilə etməməli olması və dövlət mühümlü obyekti çəkməyin qadağan olması izah edilsə də, vətəndaş qərəzli hərəkətlərinə davam etmiş və bunun qarşılığında Baş Dövlət Yol Polisi idarəsinin YPXA-nın 8-ci tağımın YPX inspektoru Tural Hacızadəyə tərbiyəsiz deyərək onu təhqir etməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr və polisin qanuni tələblərinə tabe olmağı və polisə müqavimət göstərməməsini izah etsələr də vətəndaş polisin tələblərinə tabe olmayaraq uca səslə polis əməkdaşlarını söyüb təhqir edərək qərəzli hərəkətlərinə davam etmişdir. Sonra polis əməkdaşları Şəxs Goranboy RPŞ-yə gətirərək onu növbətçi hissəyə təhvil vermişlər. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə atası Davud Həmidovla Bakı şəhərindən Gəncə şəhərinə gedərkən YPX-nin 723 saylı stasionar postunda YPX-nin polis əməkdaşları tərəfindən ona saxla əmri verilmiş və atası idarə etdiyi “Mercedes Benz E 250” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq özlərini təqdim etmiş və nəqliyyat vasitəsinin digər konstruktiv ünsürləri olan dərman qutusu və yanğın söndürmə vasitəsinin olub-olmamasını soruşmuşlar. Bundan sonra polis əməkdaşı atasına uca səslə təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş və o, buna əsəbiləşərək mobil telefonu ilə stasionar postu və polis əməkdaşlarını videolentə almağa başlamış, polislər buna öz narazılığına bildirsələr də o, polisin sözlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. Daha sonra polis əməkdaşları onun barəsində tədbir görülməsi üçün onu Goranboy RPŞ-yə təhvil vermişlər. Əməlindən peşmandır. Bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə vaxtı polis əməkdaşları ilə aralarında anlaşmazlıq olmuşdur. Bu səbəbdən də o, aqresivlik göstərmişdir. Hazırda polis əməkdaşlarından üzr istəmiş və onlar bir-birilərini başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş dövlət yol polisi idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Xaliq Həsənovla birlikdə 723 saylı YPX postunda xidmətdə olarkən “Mercedes Benz E250” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəzarət məqsədilə saxlamışlar. Avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq saxlanma səbəbinin sənədlərinin yoxlanılması olduğunu demişlər. Bundan sonra sürücüyə nəqliyyat vasitəsinin digər konstruktiv ünsürləri olan dərman qutusu və yanğın söndürmə vasitəsinin olması ilə bağlı sual vermişlər. Bunun qarşılığında isə sağda əyləşən sərnişin Şəxs onların xidməti fəaliyyətinə müdaxilə edərək digər avtomobilləri saxlayıb yoxlamağını demiş və sonra telefonunun video görüntüsünü açaraq dövlət mühümlü obyekt olan stasionar postu çəkməyə başlamışdır. Bununla bağlı dəfələrlə vətəndaşa müraciət etmiş, polisin xidməti fəaliyyətinə müdaxilə etməməli olduğunu və dövlət mühümlü obyekti çəkməyin qadağan olduğunu izah etmişlər. Buna baxmayaraq vətəndaş qərəzli hərəkətlərinə davam etmiş və bunun qarşılığında ona tərbiyəsiz deyərək onu təhqir etmişdir. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr və polisin qanuni tələblərinə tabe olmağı və polisə müqavimət göstərməməsini izah etsələr də Şəxs tələblərinə tabe olmayaraq vətəndaş uca səslə onları söyüb təhqir edərək qərəzli hərəkətlərinə davam etmişdir. Sonra onlar Şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs hərəkətləri nəticəsində postun iş rejimi 10-15 dəqiqəliyinə pozulmuş, ətrafda səs-küy yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş dövlət yol polisi idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X6 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Şəxsla Bakı şəhərindən Gəncə şəhərinə gedərkən YPX-nin 723 saylı stasionar postunda YPX-nin polis əməkdaşları tərəfindən ona saxla əmri verilmiş və o, idarə etdiyi “Mercedes Benz E 250” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq özlərini təqdim etmiş və ondan nəqliyyat vasitəsinin digər konstruktiv ünsürləri olan dərman qutusu və yanğın söndürmə vasitəsinin olub-olmamasını soruşmuşlar. Bundan sonra polis əməkdaşı uca səslə sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmişdir. Polisin iradına oğlu Cavid əsəbiləşərək mobil telefonu ilə stasionar postu və polis əməkdaşlarını videolentə almağa başlamışdır. Polislər buna öz narazılığına bildirsələr də oğlu Şəxs polisin sözlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. Daha sonra polis əməkdaşları barəsində tədbir görülməsi üçün Şəxs Goranboy RPŞ-yə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş dövlət yol polisi idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində o Baş Dövlət Yol Polisi idarəsinin YPXA-nın 8-ci tağımının YPX inspektoru Xaliq Həsənovla birlikdə 723 saylı YPX postunda xidmətdə olarkən “Mercedes Benz E250” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə nəzarət məqsədilə sənədlərinin yoxlanılması üçün stasionar postun qarşısında saxlanılması ilə bağlı işarə vermişlər. Avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq saxlanma səbəbinin sənədlərinin yoxlanılması olduğunu demiş və nəqliyyat vasitəsinin digər konstruktiv ünsürləri olan dərman qutusu və yanğın söndürmə vasitəsinin olması ilə bağlı sual vermişlər. Bunun qarşılığında isə sağda əyləşən sərnişin Şəxs onların xidməti fəaliyyətinə müdaxilə edərək digər avtomobilləri saxlayıb yoxlamağını demiş və sonra telefonunun video görüntüsünü açaraq dövlət mühümlü obyekt olan stasionar postu çəkməyə başlamışdır. Bununla bağlı dəfələrlə vətəndaşa müraciət etmiş, polisin xidməti fəaliyyətinə müdaxilə etməməli olduğunu və dövlət mühümlü obyekti çəkməyin qadağan olduğunu izah etsələr də, vətəndaş qərəzli hərəkətlərinə davam etmiş və bunun qarşılığında ona tərbiyəsiz deyərək onu təhqir etməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr və polisin qanuni tələblərinə tabe olmağı və polisə müqavimət göstərməməsini izah etsələr də tələblərinə tabe olmayaraq vətəndaş uca səslə onları söyüb təhqir edərək qərəzli hərəkətlərinə davam etmişdir. Sonra onlar Şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Odur ki, Bakı şəhəri, Xətai rayonu sakini olan Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23 iyun 2023-cü tarixdə Bakı-Qazax yolunda yerləşən 723 saylı stasionar postda ictimai qaydanı pozmuş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 23 iyun 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdırılan halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar