Məhkəmə qərarları › İş №3(045)-410/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-410/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-410/2024 03.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Goranboy rayonu, Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Goranboy rayonun Səfikürd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Goranboy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXMin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2023-cü ilin oktyabr ayından xx.xx.2024-cü ilədək olan müddətdə Goranboy rayonu, Səfikürd kəndində qonşusu Zərərçəkmiş şəxs dəyəri 300 manat məbləğində maddi ziyan vurmuşdur. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində şikayət edən X3 anasının əmisi qızıdır, əvvəllər münasibəti yaxşı olmuş və Aidə ilə qonşudurlar. xx.xx.2023-cü il tarixdə o, ailəsi ilə birlikdə Ukrayna Respublikasına getmişdir. O, Ukraynada olduğu müddətdə Aidə həyətyanı sahəsi ilə sərhəd araya dəmir hasar çəkdirmişdir. xx.xx.2024-cü il tarixdə o, Ukrayna Respublikasından yaşadığı Goranboy rayon Səfikürd kəndinə gəlmiş və evinə gələn zaman evinə keçidə hasar çəkildiyini görmüşdür. Məcburiyyət qarşısında qalıb evinə daxil olmaq üçün həmin dəmir hasarı uçuraraq həyətyanı sahəsinə daxil olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, hasarın Zərərçəkmiş şəxs tərəfindən çəkildiyini bilmişdir. O, öz yaşayış sahəsinə daxil olmaq üçün məcburiyyət qarşısında qalıb sözügedən hasarı sökməyinə görə məsuliyyətin nəzərdə tutulduğunu bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Goranboy rayon Səfikürd kəndində 0,25 ha həyətyanı sahəsi vardır. Həmin həyətyanı sahədə fərdi yaşayış evi vardır. Həmin həyətyanı sahəsində yerləşən evin arxa hissəsində evinə bitişik X1 həyətyanı sahəsi və fərdi yaşayış evi yerləşmişdir. Şəxs həyətyanı sahəsindən yola çıxışı olmadığı üçün müvəqqəti olaraq fərdi yaşayış evinin həyətyanı sahəsindən yola çıxmasını icazə vermiş və həmin vaxtdan sonra Afaq atası Şahnazar ilə qonşuluqda yaşadığı üçün onun həyətyanı sahəsində yola çıxışını düzəltmişdir. xx.xx.2024-cü il tarixdə Afaq ailəsi ilə birlikdə Ukrayna Respublikasından yaşadığı Goranboy rayon Səfikürd kəndinə gəlmişdir. O, 2-3 gün bundan əvvəl həyətyanı sahəsinə nəzarət etmək üçün gedən zaman darvazanın qıfılının dəyişdiyini görmüşdür. Ona məlum olmuşdur ki, Afaq onun darvazasının qıfılını qıraraq torpaq sahəsini zəbt edib özünə həyətindən çıxış düzəltmişdir. Daha sonra qapını açandan sonra Afaqın onunla aralarına çəkdirdiyi hasarı məhv edərək aranı açdığını görmüşdür. O, bununla bağlı Afaqa narazılığını bildirmiş və bu haqda Goranboy RPŞ-yə şikayət ərizəsi vermişdir. Bunu nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 501 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir; xx.xx.2024-cü il tarixli Goranboy şəhər Ramin İnşaatın rəhbəri tərəfindən verilmiş məktubdan görünür ki, bir ədəd asiqov şiferin hazırda bazar qiyməti 8-12 manat aralığında satılmaqla 7,5 metr uzunluğunda dəmir hasara çəkiləcək məvacib 300 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan fərdi yaşayış evin hasarının sökülərək zədələnməsi nəticəsində sonuncuya 300 manat maddi ziyan vurması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında yaşadığı Goranboy rayonu, Səfikürd kəndində fərdi yaşayış evinə daxil olmaq üçün qonşusu Zərərçəkmiş şəxs məxsus çəkilmiş hasarı onun tərəfindən söküldüyünü və bununla da evinə daxil olduğunu göstərmişdir. - iş üzrə Zərərçəkmiş şəxs izahatında Şəxs tərəfindən ona məxsus fərdi yaşayış evinin giriş darvazasının qıfılını qıraraq torpaq sahəsini zəbt etdiyini və özünə həyətindən çıxış düzəltdiyini göstərmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs X2 vurulmuş maddi ziyan - 300 (üç yüz) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq X2 ödənilsin. Qərarın vurulmuş maddi ziyanın ödənilməsi hissəsində icrası Şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar