Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-411/2023 06.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunun, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Əlirzalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, 06 iyul 2023-cü il tarixdə Goranboy şəhər mərkəzi kolxoz bazarında polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, 06 iyul 2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri Kamran Həsənov və PPXB-nin polis nəfəri X5 şəhəri mərkəzi kolxoz bazarında qanunsuz küçə ticarətlərini yığışdıran zaman bir nəfər şəxs öz xidməti vəzifələrini icra edən polis əməkdaşlarını mobil telefonla videolentə aldığını görmüşlər. Onlar adını sonradan bildirkləri Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və videoçəkilişi dayandırmağı xahiş etmişlər. Lakin, sonuncu polis əməkdaşlarına əl-qol hərəkətləri ilə öz narazaılığını bildirmiş və polis əməkdaşlarına hörmətsizlik nümayiş etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu polisin sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Bundan sonra onlar Şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 09 radələrində Goranboy rayonu, Mərkəzi kolxoz bazarında poli əməkdaşları küçə ticarətləri edən şəxslərə tərəvəz məhsullarını yığışdırmalarını tələb edən zaman, o polis əməkdaşlarının özünə məxsus mobil telefonu ilə videoçəkiliş etməyə başlamış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq hansı səbəbdən videoçəkiliş etdiyini soruşduqda, o, da əsəbi olduğu üçün polis əməkdaşlarına kobud cavab verərək mübahisə etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu dəfələrlə nizamintizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Əlavə olaraq bildirir ki, İİİ dərəcəli əlildir. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X3 bildirdi ki, 06 iyul 2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri Kamran Həsənov ilə birlikdə Goranboy şəhəri mərkəzi kolxoz bazarında qanunsuz küçə ticarətlərini yığışdıran zaman bir nəfər şəxs onları mobil telefonla videolentə aldığını görmüşlər. Onlar adını sonradan bildikləri Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və videoçəkilişi dayandırmağı xahiş etmişlər. Lakin, sonuncu onlara əl-qol hərəkətləri ilə öz narazaılığını bildirmiş və hörmətsizlik nümayiş etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Bundan sonra onlar Şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri Kamran Həsənov tərəfindən RPŞnin rəhbərliyinə ünvanlanmış 06 iyul 2023-cü il tarixli raportdan görünür ki, 06 iyul 2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Taleh Qasımov ilə birlikdə Goranboy şəhəri mərkəzi kolxoz bazarında qanunsuz küçə ticarətlərini yığışdıran zaman bir nəfər vətəndaşın onları videoçəkiliş etdiyini aşkar etmişlər. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək videoçəkilişi yığışdırmağını sonuncudan tələb etmişlər. Bu zaman həmin vətəndaş əl-qol hərəkətləri ilə öz narazılığını bildirərək onların qanuni tələblərinə tabe olmayaraq öz aqressiv hərəkətlərini davam etdirmişdir. Onlar Şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi və araşdırılmış digər sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs səs-küy salmaqla xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-411/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-411/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver