Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-412/2025 06.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X4 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Hacallı kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 mart 2025-ci il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Qarqucaq kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ 21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla əks istiqamətdə gələn xırdabuynuzlu heyvan sürüsü ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin X4 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X2 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Qarqucaq kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ 21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla əks istiqamətdə gələn xırdabuynuzlu heyvan sürüsü ilə toqquşmuş, nəticədə 16 baş heyvan tələf olmuşdur. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.1 və 332.4-cü maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyindədir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Qarqucaq kəndi ərazisində hərəkət edən zaman qarşıda hərəkət edən nəqliyyat vasitəsinin uzaqvuran işıqları onun gözünə düşdüyü üçün, o əks istiqamətdən gələn xırdabuynuzlu heyvan sürüsü ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlara maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsi olmamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyinu, ondan heç bir şikayət və tələbiin olmadığını, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyev tərəfindən Gornaboy RPŞnin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Qarqucaq kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Goranboy rayonu Hacıallı kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4- cü maddələrinin tələblərinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilmişdir; “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə RPŞ-nin YPXB-nə göndərilmişdir; “Elektron Məhkəmə” sistemi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs sürücülük vsiqəsi barədə məlumat aşkar edilməmişdir; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ 21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in, 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-412/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-412/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver