Məhkəmə qərarları › İş №3(045)-413/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-413/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-413/2023 17.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1-ci, 327.8-ci və 327.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 25 may 2023-cü il tarixli qərarından və 18 iyun 2023-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 10:00 radələrində Goranboy-Tərtər avtomobil yolunun 8-ci kilometrliyində Naftalan şəhərindən Goranboy şəhəri istiqamətinə hərəkət etdiyi zaman sol hərəkət zolağı ilə hərəkət etmiş, anidən sola manevr edib 1.3 üfuqi nişanlanma xəttinin tələbini pozaraq qarşı nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaqla onunla əks istiqamətə öz sağ zolağı ilə hərəkət edən Goranboy rayonu Qızılhacıllı qəsəbəsi 28 may küçəsi ev 2-də yaşayan X1 idarə etdiyi VAZ 21060 markalı **- BN-*** dövlət nömrə nişanlı avtomobilə yol vermədiyi üçün avtomobillər toqquşmuşlar, nəticədə avtomobillərə maddi ziyan dəymişdir və sürücülər Şəxs və X3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs tərəfindən İXM-in 332.1-ci, 327.8-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 10:00 radələrində Goranboy-Tərtər avtomobil yolunun 8-ci kmdə Naftalan şəhərindən Goranboy şəhəri istiqamətinə sol hərəkət zolağı ilə hərəkət etdiyi zaman, anidən sola manevr edib üfuqi nişanlanma xəttinin tələbini pozaraq qarşı nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaqla onunla əks istiqamətə öz sağ zolağı ilə hərəkət edən adını sonradan bildiyi X1 idarə etdiyi VAZ 21060 markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobilə yol vermədiyi üçün toqquşmuşlar, nəticədə avtomobillərə maddi ziyan dəymişdir və onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Toqquşmadan çox qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları araşdırmaya başlamış, və X3 xəsarət aldığı üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müayinə edilməsi üçün aparılmışdır. Hazırda zərərçəkmiş şəxs X3 ilə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-ci il tarixdə saat 10:00 radələrində Goranboy-Tərtər avtomobil yolunun 8-km ilə Naftalan şəhərindən Goranboy şəhəri istiqamətinə hərəkətdə olan zaman öz sağ zolağı ilə hərəkət edən OKA markalı ** GU *** qeydiyyat nişanlı avtomobil sola manevr edib nişanlanma xəttinin tələbini pozaraq onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaqla idarə etməni itirmiş və nəticədə avtomobillərin toqquşması baş vermişdir. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər və o, xəsarət aldığı üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müayinə edilməsi üçün getmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-non baş təhqiqatçısı Ruslan Abbasovun rəhbərliyə ünvanlanmış 25 may 2023-cü il tarixli raportundan görünür ki, Goranboy rayonu Balakürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs idarə etdiyi OKA markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-ci il tarixdə saat 10:00 radələrində Goranboy- Tərtər avtomobil yolunun 8-km ilə Naftalan şəhərindən Goranboy şəhəri istiqamətinə hərəkət etdiyi zaman sol hərəkət zolağı ilə hərəkət etmiş, anidən sola manevr edib 1.3 üfuqi nişanlanma xəttinin tələbini pozaraq qarşı nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaqla onunla əks istiqamətə öz sağ zolağı ilə hərəkət edən Goranboy rayonu Qızılhacıllı qəsəbəsi 28 may küçəsi ev 2-də yaşayan X1 idarə etdiyi VAZ 21060 markalı **- BN-*** dövlət nömrə nişanlı avtomobilə yol vermədiyi üçün avtomobillər toqquşmuşlar, nəticədə avtomobillərə maddi ziyan dəymişdir və sürücülər Şəxs və X3 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy RMX-na müraciət etmişdir. Xəsarət alan şəxs Cəfər Məmmədov dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri aldığından sürücü Şəxs əməlində AR CM-nin 263-cü maddəsinin tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində AR İXM-in 327.2, 327.8 və 332.1 maddələrinin tərkibi var və həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti RPŞ-in DYPB-nə verilməldir. aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ 7 Səyyar Asan xidməti tərəfindən verilmiş BC 290595 nömrəli, xx.xx.2022-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlu B kateqoriyalı sürücüdür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 may 2023-cü il tarixli qərardan görünür ki, HK-1-800 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 332.1-ci, 327.8-ci və 327.2-ci maddələrinin tərkibi olduğu üçün həmin maddələrlə barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü Goranboy RPİ-nin DYPByə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin HK-1-800 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, Şəxs İXM-in 327.2-ci və 332.1-ci maddələrinə nəzərdə tutan inzibati xətaları törətməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-in: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204-208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 327.1 – 327.7-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.2-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.2-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırkı iş üzrə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar