Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-416/2023 17.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonunun Kəngərli kəndində qeydiyyatda olan və Goranboy rayonu, Veyisli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X3 X7 İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonu, Bakı-Qazax avtomobil yolunda 20 iyun 2023-cü il tarixdə saat 11:10-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, yalnız Goranboy rayonunun Bakı-Qazax avtomobil yolunda “333 Xalça evi” mağazasının sahibkarıdır, iki il olar ki, “333 Elektronika” mağazası onun sahibliyində deyildir. Onun barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol əsassızdır. Çünki o, həmişə müqavilə bağlamış və ödəniş etmişdir. Lakin bu il reklamın yerləşdirilməsi üçün nəzərdə tutulmuş icazə ilə bağlı müraciət etməmiş və qanunla müəyyən edilmiş ödənişləri etməmişdir. X3 X7 İdarəsi tərəfindən dəfələrlə bildiriş və xəbərdarlıq göndərilsə də, o, həmin məktubların mahiyyətini anlamamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, mağazasında yerləşən reklam lövhəsini sökməmişdir. Hesab etmişdir ki, həmin reklam lövhəsi X7 idarəsinin əməkdaşları tərəfindən sökülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, Şəxs “333 Xalça evi” və “333 Elektronika” mağazalarında açıq məkanda reklam yerləşdirmişdir; “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” 2020-2022-ci illəri əhatə edən ərizələrdən görünür ki, Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsində yerləşən “333 Xalça evi” və “333 Elektronika” mağazalarının sahibkarı X2 tərəfindən açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün müraciət edilmişdir; 01 mart 2023-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsində yerləşən “333 Xalça evi” və “333 Elektronika” obyektinin sahibkarı X1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir 15 mart 2023-cü il tarixli qəbzdən görünür ki, 01 mart 2023-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 30 mart 2023-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır və Şəxs tərəfindən qəbul edilmişdir. İş üzrə müəyyən olunmuşdur ki, sahibkar Şəxs qanunla müəyyən olunmuş qaydada icazə almadan Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsi ərazisində yerləşən “333 Xalça evi” və “333 Elektronika” mağazalarında - açıq məkanda malların reklamını həyata keçirmiş, bu barədə ona xx.xx.2023-cü il tarixli yazılı göstəriş göndərilsə də, yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq, o, qanuni icazəsini almamış və yayım haqqını ödəməmiş, nəticədə sonuncu barəsində X7 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. «Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 3.5.1 və 3.5.2-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə "Reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır)”, "bu Qaydanın 3.5.1 -ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür”. Qeyd olunan normanı hazırkı işin faktiki halları ilə uzlaşdırdıqda müəyyən edilir ki, X7 İdarəsinin 01 mart 2023-cü il tarixli icrası məcburi olan yazılı göstərişini 30 mart 2023-cü ildə rəsmi qaydada alan mağazanın sahibi Şəxs həmin yazılı göstərişi 04 aprel 2023-cü il saat 23:59-dək tam icra etməli olduğu halda etməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs X7 İdarəsinin 01 mart 2023-cü il tarixli icrası məcburi olan yazılı göstərişi qanunla müəyyən edilmiş müddətdə icra etmədikdən sonra tam icra etməsi, onu İXM-in 53-cü maddəsi baxımından törətdiyi inzibati xəta ilə bağlı məsuliyyətə cəlb olunmaqdan azad olunmasına və ya barəsində başlanmış icraata xitam verilməsinə əsas vermir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi və “333 Elektronika” mağazasının sahibi olmaması barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” 2020-2022-ci illəri əhatə edən ərizələrdən göründüyü kimi, X2 Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsində yerləşən “333 Xalça evi” və “333 Elektronika” mağazalarının sahibkarı kimi açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün reklam idarəsinə müraciət etmişdir; - 15 mart 2023-cü il tarixli qəbzdən göründüyü kimi 01 mart 2023-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 30 mart 2023-cü il tarixdə Şəxs tərəfindən qəbul edilmiş və eyni zamanda bunu özü də etiraf etmişdir; İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-416/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-416/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver