Məhkəmə qərarları › İş №3(045)-428/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-428/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-428/2024 07.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 21 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, Şəxs “Yurd Yeri” adlı obyekt açıq məkanda reklam yerləşdirmişdir; 16 aprel 2024-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ünvanında yerləşən “Yurd Yeri” adlı obyektinin sahibkarı Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; 16 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, 16 aprel 2024-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 22 aprel 2024-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır və Şəxs tərəfindən qəbul edilmişdir. İş üzrə müəyyən olunmuşdur ki, sahibkar Şəxs qanunla müəyyən olunmuş qaydada icazə almadan Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ünvanında yerləşən “Yurd Yeri” adlı obyektində açıq məkanda malların reklamını həyata keçirmiş, bu barədə ona 16 aprel 2024-cü il tarixli yazılı göstəriş göndərilsə də, yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq, o, qanuni icazəsini almamış və yayım haqqını ödəməmiş, nəticədə sonuncu barəsində X2 İdarəsinin əməkdaşı tərəfindən 21 may 2024-cü il tarixdə İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. «Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 3.5.1 və 3.5.2-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə "Reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır)”, "bu Qaydanın 3.5.1 -ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür”. Qeyd olunan normanı hazırkı işin faktiki halları ilə uzlaşdırdıqda müəyyən edilir ki, X2 İdarəsinin 16 aprel 2024-cü il tarixli icrası məcburi olan yazılı göstərişini 22 aprel 2024-cü ildə rəsmi qaydada alan obyektin sahibi Şəxs həmin yazılı göstərişi 27 aprel 2024-cü il saat 23:59-dək tam icra etməli olduğu halda etməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev İş № 3(045)-210/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Goranboy Rayon Məhkəməsi 09 aprel 2024-cü il Goranboy şəhəri Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:30-da başlanır. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.1-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edənin icazəsi ilə iclas katibi Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən məruzə edərək bildirdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən yerində qısa müşavirə edib, qərara aldı: -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən məhkəmənin müşavirə otağına getdiyini elan edir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası saat 15:40-da bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar