Məhkəmə qərarları › İş №3(045)-437/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-437/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-437/2023 13.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci Ağdaş rayonu, Tatlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində İXM-in 157 və 510cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 05 iyun 2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində sahə rəisi Vahid Əhmədovun xidməti otağında Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və ictmai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayonu Dəliməmmədli şəhəri sakinləri Zərərçəkmiş şəxs və Şəxs ərizələri əsasında toplanmış material üzrə Şəxs əməlində AR İXM-nin 157-ci və 510-cu maddələri ilə tədbir görülməlidir. Goranboy RPŞ-nin TB-nin təhqiqatçıçı tərəfindən qəbul olunmuş qərar əsasında Şəxs barəsində onun tərəfindən 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157 və 510-cu maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən sahə rəisi Vahid Əhmədovun xidməti otağına dəvət edilmişdir. Həmin vaxt o, ora əri Çingizlə birlikdə getmişdir. Polis sahə rəisi Vahid Əhmədovun xidməti otağında olduğu zaman onlar bir-biriləri ilə mübahisə etməyə başlamışlar, mübahisə zamanı Elnarə onu təhqir etmiş, bu zaman orada olan polis əməkdaşları onları sakitləşdirməyə çalışmışlar, lakin o, əsəbi olduğu üçün sakitləşməmiş və Elnarəni saçından tutaraq döymüşdür. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində Şəxs və və qaynı Çingiz heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş və o, dərhal DİN-in “102” çağrı mərkəzinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Dəliməmmədli şəhərinin sahə rəisi gəlmiş və izahatları alınması üçün Dəliməmmədli şəhərində yerləşən sahə məntəqəsinə dəvət edilmişlərdir. Həmin vaxt o, ora əri Asəflə birlikdə getmişdir. Sahə rəisinin xidməti otağında olan zaman Yeganə onu təhqir etmiş o da cavab olaraq onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yeganə onu saçından tutmuşdur və divara tərəf vurmuşdur. Həmin vaxt o, əsəbiləşərək sahə rəisinin xidməti otağında ünvanlı ünvansız söyüşlər söymüşdür. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Goranboy RPŞ-nin sahə rəisi Vahid Əhmədov və Sadiq Məmmədov ilə xidmətdə olan zaman Goranboy rayonu Dəliməmmədli şəhər sakini Şəxs DİN-in 102 xidmətinə znglə müraciət edərək eltisi və eltisinin əri Asəf Mehtiyev tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumatın doğruluğunu upxlamaq məqsədi ilə onlar hadisə yerinə getmişlər və orada Zərərçəkmiş şəxs, Şəxs və X4 aralarında mübahisə etdiyini görmüşdür. Bundan sonra həmin şəxslərin izahatlarının alınması üçün Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən polis məntəqəsinə dəvət etmişlər. Polis sahə rəisinin xidməti otağında olan zaman sonuncular arasında mübahisə yaranmış, nəticədə həmin şəxslər bir birilərinə qarşı ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşlar. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncular onların sözünə məhəl qoymayaraq öz hərəkətlini davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X11 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Mehdiyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış 25 iyun 2023-cü il tarixli raportdan görünür ki, Goranboy rayonu Dəliməmmədli şəhəri sakinləri Şəxs və Şəxs ərizələri əsasında toplanmış material üzrə Şəxs və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələri ilə. həmçinin Şəxs əməlində AR İXM-nin 510-cu maddəsi ilə tədbir görülməlidir. Odur ki, onlar barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə verilməsinə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X10 tərəfindən Zərərçəkmiş şəxs və X1 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 və X4 əməllərində Azərbaycan Respublikası İXM-nın 157-ci və 510-cu maddələrinin, Zərərçəkmiş şəxs qızının əməlində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsinin tərkibi olduğu üçün barələrində tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 373 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin qançırı bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2023-cü il tarixdə bərk KÜT predmətlə vrurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 05 iyun 2023-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində sahə rəisinin xidməti otağında nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının iş rejimini pozmuş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin: İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirfaına, şahid ifadələrinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, X4 İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını (əsas: iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarış), törətdiyi əməli etiraf edib peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXMin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar