Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-437/2024 14.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 15667818 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar və qərarla tam sübuta yetirilir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 138.1 və 138.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərardan şikayət vermə müddəti, yəni 20 gün xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Növbəti gündən isə, yəni xx.xx.2023-cü il tarixdən 3 aylıq müddət ərzində Şəxs tərəfindən inzibati cərimənin ödənilməməsi onun əməlində İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Məhkəmə nəzərə alır ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və bu iş üzrə şəxsin məsuliyyətə cəlb olunması müddəti 4 (dörd) aydır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən olunmuş müddət xx.xx.2023-cü il tarixdən hesablanmalı və xx.xx.2024cü il tarixdə başa çatmalıdır. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə qanunda nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixli, EQ 15667818 nömrəli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə təqsirli bilinərək, cərimə edilmiş, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəməmiş, bu müddətdən də 4 ay keçmişdir. Yəni Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş müddət keçmişdir. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. İXM-in: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-437/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-437/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver