Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-442/2023 17.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nun polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olan və Goranboy rayonunun, Börü qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 06 iyun 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə sübutların qiymətləndirilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Xocalı RPŞ-nin İTQ-nun polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 17 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Börü qəsəbəsi ərazisində yerləşən əkin sahəsində Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı sonuncunu itələyərək sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı RPŞ-nin İTQnin polis sahə rəisi X4 izahatında göstərdi ki, Xocalı RPŞ-nin İQ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu itələyərək yıxmış, nəticədə sonuncunun dərəcəsi təyin edilməyən xəsarət alması müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədilə qərarın surəti inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün RPŞ-nin ictimai təhlükəsizlik qrupuna verilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 17 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında evlərinin aşağı tərəfində olan otlaq sahələrinə 1 dəst atın bağlandığını görüb tanışı Tural Şirinli ilə birlikdə həmin yerə gedərək atın sahibi Zərərçəkmiş şəxs atını bağladığı sahənin onlara məxsus olduğunu və atı açıb aparmasını istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədərək əlindəki bellə və şillə ilə bir dəfə onu vurmuş, bir daha vurmaması üçün əli ilə geri itələyən zaman Zərərçəkmiş şəxs üzüstə yerə yıxılmışdır. Daha sonra Tural Şirinli ilə birlikdə evə qayıtmışdır. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən çıxaraq əkin sahəsini sulamaq üçün atla həmin yerə getmiş və atı arxın kənarına bağlayaraq əkin sahəsini sulamağa başlamışdır. Təxminən 20 dəqiqə sonra iki nəfər gənc oğlan ona yaxınlaşaraq atı niyə onlara məxsus olan sahəyə bağladığını soruşmuşdur. O isə həmin yerin heç kimə məxsus olmadığını bildirən zaman Şəxs ona yaxınlaşaraq nalayiq ifadələr işlədərək əli ilə onun üz nahiyyəsinı bir dəfə sillə ilə vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin İQ-nun müstəntiqi Taleh Qafarovun rəhbərliyə ünvanlanmış 06 iyun 2023-cü il tarixli raportundan görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmişdir. Əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu itələyərək yıxmış, nəticədə sonuncunun dərəcəsi təyin edilməyən xəsarət alması müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədilə qərarın surəti inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün RPŞ-nin ictimai təhlükəsizlik qrupuna verilmişdir. Odur ki, qəbul edilmiş qərarın surətinin RPŞ-nin ictimai təhlükəsizlik qrupuna verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sol budun və ənsə nahiyəsinin qançırları bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə yumruqla, ağacla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Xocalı RPŞ-nin İQ-nun müstəntiqi X1 06 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədilə qərarın surəti inzibati xəta haqqında iş üzrə icraatın başanması üçün Xocalı RPŞ-nin İTQ-nə verilmişdir; İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 157 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs üzərində xəsarətlər aşkar edilmişdir. Həmçinin, Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməsə də, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etməsini və onu itələməsini inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, Şəxs yetkinlik yaşına çatmamasını (əsas: iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti) inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-442/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-442/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver