Məhkəmə qərarları › İş №3(045)-449/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-449/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-449/2023 18.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olan və Goranboy rayonu, Börü qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsinin İTQ-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbə ərazisində narkotik vasitə olan marixuanadan qanunsuz istifadə etmişdir. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsinin İTQ-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, RPŞnin CAQ-ından daxil olmuş raport əsasında toplanmış HK-1/233 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə Xocalı RPŞ-non TQ-nın baş təhqiqatçısı Əbülfəz Dünyamalıyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Şəxs əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTQ-na verilmişdir. Şəxs barəsində MN seriyalı ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Goranboy rayon Börü qəsəbəsində yaşayır. Əvvəllər bir neçə dəfə narkotik maddə olan marixuanadan istifadə etmişdir. Lakin həmin maddələrin əkilməsi, saxlanması və satışı ilə məşğul olan şəxslər barəsində məlumatı olmadığını qeyd etmişdir. 5 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı kəndin yaxınlığında olan örüş sahəsində kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə aşkar etmişdir. Onun qoxusundan qurudulmuş marixuana olmasını müəyyən etmiş və 1 dəfə siqaretə dolduraraq yaşadığı kənd ərazisində çəkmişdir. xx.xx.2023-cü il tarixdə isə tanışı X1 evindən yaşadığı evə gedən zaman polis əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilmişdir. Hazırda etdiyi əməldən çox peşmandır, odur ki, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTQ-yə verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 18 iyul 2023-cü il tarixli, 1199 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburinarkoloji tibbi yoxlama haqqında 18 iyul 2023-cü il tarixli, 1194 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar